Advertisement

Paşinyan özünü və erməniləri sınayır: bundan sonra nə olacaq?

Ermənistanda Tavuş rayonundakı dörd kəndin azad edilərək
Azərbaycana təhvil verilməsi ilə bağlı etiraz aksiyaları səngimir.
Ölkənin müxtəlif yerlərində azsaylı, kiçik qruplar yolları
bağlamağa çalışır, paytaxt İrəvanda küçələrə çıxaraq yürüşlər
edirlər. Sosial şəbəkələrin erməni seqmentində radikalizm, şovinizm
və revanşizm ruhlu çağırışlar fasiləsiz artır.

Azərbaycanla Ermənistan arasında aparılan ikitərəfli, birbaşa,
vasitəçilərsiz danışıqlar artıq öz effektini verir.

Ermənistanın baş naziri Nikol Paşinyan çox gec olsa da, regionda
formalaşmış geosiyasi reallıqları, böyük güclərin bölgə ilə
maraqlar toplusunun nədən ibarət olduğunu, ermənilərin “hami və
havadar” hesab etdikləri dövlətlərin vədlərinin, əslində, İrəvanın
tam ram edilərək, kontrol altına alınması məqsədi güddüyünü
anlamağa başlayıb.

Sülh prosesinin başlanması və sazişin imzalanması üçün
Azərbaycanın ilkin olaraq Ermənistana ünvanladığı 5 şərtin əsasında
sonradan müzakirə arealı formalaşdı. Məhz həmin şərtlər iki ölkə
arasında şərti dövlət sərhədinin delimitasiya və demarkasiya
prosesi, sülh sazişinin imzalanması, habelə Zəngəzur dəhlizi
layihəsinin reallaşması üçün səbatlı bünövrəyə çevrildi.

Daha sonra ABŞ, Avropa İttifaqı və Rusiyanın danışıqlarda
vasitəçilik etməyə çalışması, moderatorluq və aktorluq
funksiyalarına sahiblənmək cəhdləri Bakının maraqlarının tam
təminatı olmasa da, prosesin irəliləməsi, Cənubi Qafqazda sülhlə
stabiliyin bərqərar olması üçün Azərbaycanın geosiyasi
mənafelərinin reallaşması şərti ilə prosedurlara qatıldı.

Brüssel, Moskva və Vaşinqton platformalarında aparılan
danışıqlar problemin həlli üçün bitkin formata çevrilməsə də,
irəliləyiş vardı.

Kiçik, çox kövrək, amma real.

Fəqət, Fransanın sonradan kobud müdaxilələri, Avropa Siyasi
Şurasının Qranada sammitindəki isterik davranışı danışıqlarda
fasilələrin yaranmasını şərtləndirdi.

Daha konkret olsaq, Fransa prezidenti Emmanuel Makronun
məntiqdən və rasionallıqdan uzaq bəyanatları, Azərbaycana qarşı
aşkar aqressiyası, Ermənistanın “tam və total dəstəklənməsi”
idefiksini özündə ehtiva edən diplomatiyası Parisin prosedur
qaydalarını çox kobud şəkildə pozması ilə yanaşı, rəsmi Bakının
faktiki olaraq hədəfə alınması idi.

Emmanuel Makron administrasiyasının xaotik davranışı,
Azərbaycanın maraqlarının, ümumiyyətlə, nəzərə alınmaması və
Fransanın Cənubi Qafqazda mövqelər əldə etmək niyyətilə
Ermənistandan istifadə etməsi, daha sonra isə erməni ordusunu
sürətlə silahlandırmağa başlaması. təbii ki, danışıqlar masasındakı
konfiqurasiyanın zorakı dəyişdirildiyi vəziyyətlə nəticələndi.

Məhz bu səbəbdən bəlli perspektivlərə malik Brüssel formatı
tarixə qovuşdu, Vaşinqtonda aparılan danışıqlar təxirə salındı,
Moskvadakı müzakirələrə isə Ermənistan qatılmaq istəmədiyini
bildirdi.

Yeganə çıxış yolu Bakı və İrəvan arasında bilavasitə, ikitərəfli
danışıqlar variantı oldu ki, bu da ən optimal seçim sayıla
bilər.

Prosesdə irəliləyiş üçün Ermənistan növbəti addımlar
atmalıdır.

Onlar 4 hissədən, seqmentdən və ya mərhələdən ibarətdir:

1. Kommunikasiyaların və əlaqələrin bərpası. Azərbaycanla
Ermənistan arasında diplomatik münasibətlər, dövlətlərarası
əlaqələr qurulur, sərhədin səciyyələndirilməsində “şərti” ifadəsi
aradan qaldırılır, Zəngəzur dəhlizi layihəsinin reallaşdırılmasına
başlanır.

2. Yekun sülh sazişinin imzalanması. Sülh sazişinin
gerçəkləşməsi bölgədə ötən əsrin əvvəllərindən bəri mövcud olan,
arada səngisə də, sonradan yenidən aktivləşən qarşıdurmaya
birdəfəlik son qoya bilər və qoymalıdır da. Bunun üçün Ermənistanın
hakimiyyət dairələri ölkənin Müstəqillik Bəyannaməsinə və
Konstitusiyanın 1-ci maddəsinə zəruri dəyişikliklər etməlidir.
Səbəb həmin sənədlərdə Azərbaycana qarşı ərazi iddialarının yer
almasıdır.

3. Demarkasiya və delimitasiya. Azərbaycanla Ermənistan arasında
şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası zəruri,
qaçılmaz, labud və müstəsna əhəmiyyətli proseslərdir. Bu proseslər
Azərbaycandan daha çox Ermənistana gərəkdir, çünki əks halda rəsmi
İrəvan dövlətin legitimliyini, bütün perimetr üzrə sərhəd
bütünlüyünü və toxunulmazlığını de-yure təsdiqləmiş olmayacaq.

4. Türkiyə ilə münasibətlərin normallaşması. Bu ən maraqlı və
eyni zamanda, vacib məqamlardan biridir. Ermənistanın Türkiyə ilə
münasibətlərinin normal məcraya gətirilməsi bütünlüklə Bakı və
İrəvan arasındakı münasibətlərin formasından asılıdır. İrəvan sadə
həqiqəti anlayır, amma hələ də danışıqlarda intensiv yox, ekstensiv
strategiya yürüdür.

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla
münasibətləri normallaşdırmaq, sülh sazişini imzalamaq
fikrindədirmi? Onun son həftələrdəki davranışı, bəyanatları,
müsahibələri və açıqlamaları rəsmi İrəvanın regional problemlər
arasında ən ağırı olan postmünaqişə nizamlanmasına meylləndiyini
göstərir.

İrəvandakı siyasi isteblişment sülh sazişinin imzalanmasını,
habelə şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyasını
dəstəkləyir. Hər halda Ermənistan rəsmilərinin bəyanatları
belədir.

Ermənistanın əsas qanununa əlavələr və dəyişikliklər edilməsi,
yəni Azəraycana qarşı ərazi iddialarının yer aldığı maddənin
götürülməsi isə ilk baxışdan göründüyü kimi, asan proses deyil.

Hazırda 4 kəndin Azərbaycan verilməsi ilə bağlı Ermənistanda
başlayan və indi də davam edən etiraz aksiyaları xaotik, spontan,
yaxşı idarə olunmayan, mütəşəkkillikdən uzaq proseslərdir.

Nikol Paşinyan prosesləri tələsdirməyə və qarşısına qoyduğu
məqsədlərə daha sürətlə çatmağa çalışarsa, xarici ölkələrdəki
erməni diasporu, Erməni Apostol kilsəsi və kənardan idarə olunan
müxalifət qüvvələri birləşəcəklər.

Belə birlik İrəvandakı hakimiyyət üçün olduqca ağır sınağa,
böyük təhlükəyə çevriləcək və hətta hakimiyyət dəyişikliyi ilə də
nəticələnə biləcək.

4 kəndin Azərbaycana təhvil verilməsi və Konstitusiyaya
dəyişikliklər mövzusu Paşinyan üçün erməni cəmiyyətinin
müqavimət-etiraz potensialını yoxlamaq üçün sınaq səciyyəli
idi.

Kəndlərlə bağlı proses, sərhədin demarkasiya və
delimitasiyasının yaratdığı etirazlar Paşinyan hakimiyyəti üçün
təhlükə səciyyəsində deyil.

Konstitusiyaya əlavələr və dəyişikliklərin təsbitlənməsi üçün
keçirilməsi zəruri olan referendum İrəvandakı hakimiyyəti kütləvi
etiraz dalğası ilə üzləşdirə ilər.

Məhz bu səbədən Nikol Paşinyan tələsmir.

Əslində, onu tələsdirməyə ehtiyac da yoxdur.

Əks təqdirdə hakimiyyətə Erməni Kilsəsi ilə “qarabağlılar
klanı”nın təmsilçisi gələ bilər.