
Bakı. Trend:
Unibank yaşıl maliyyələşmənin təşkili və ICMA standartlarına
uyğun “yaşıl istiqrazlar”ın emissiyası istiqamətində, AIFC Yaşıl
Maliyyə Mərkəzi (Astana Beynəlxalq Maliyyə Mərkəzi) ilə əməkdaşlığa
başlayıb. Bu əməkdaşlıq 2024-cü il üçün Bankın strateji inkişaf
prioritetlərindən olan “ESG” (Ətraf mühit, Sosial və İdarəetmə)
istiqaməti üzrə layihələrin həyata keçirməsinə imkan yaradacaq.
Unibank bu strategiyanın reallaşdırılması istiqamətində “yaşıl
layihələr”in dəstəklənməsinə xüsusi diqqət yetirir.
“Yaşıl istiqrazlar”ın emissiyası layihəsinin ikili əməkdaşlıq
fonunda həyata keçirilməsində kapital bazarları istiqaməti üzrə
konsultant və dəstəkçi qismində “Unicapital” İnvestisiya Şirkəti
çıxış edəcək. “Yaşıl istiqrazlar”ın emissiyası Azərbaycanın maliyyə
infrastrukturunun inkişafına töhfə verəcək və diqqəti ətraf mühitin
mühafizəsinə yönəldəcək layihələrdəndir.
Beynəlxalq Kapital Bazarları Assosiasiyasının təsis etdiyi
“yaşıl istiqrazlar” prinsiplərinə uyğun olaraq, emissiya vasitəsilə
cəlb edilən vəsait ekoloji cəhətdən perspektivli layihələrin
maliyyələşdirilməsinə yönəldiləcək.
Qeyd edək ki, 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə
həmrəylik ili” elan edilib. İl çərçivəsində istər dövlət, istərsə
də özəl strukturlar bu istiqamətdə yeni layihələrin
reallaşdırılmasında irimiqyaslı və innovativ addımlar atır.
Belə layihələr qlobal təşkilatların da diqqət mərkəzindədir.
İqlim dəyişiklikləri, eko sistemin pozulması və ekoloji çirklənmə
kimi qlobal əhəmiyyətli problemlərin həllində dəstək göstərilməsi
hər bir şəxsin mənəvi öhdəliklərindən hesab olunur.
Astana Beynəlxalq Maliyyə Mərkəzinin əsas fəaliyyət funksiyaları
ölkənin iqtisadiyyatına investisiyaların cəlb olunmasına kömək
göstərmək, maliyyə sahəsinin, o cümlədən fond bazarının inkişaf
etdirilməsi və beynəlxalq kapital bazarlarına inteqrasiya
olunmasıdır.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın
paytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmət
şəbəkəsi mövcuddur. 30 ildən artıq uğurlu kommersiya fəaliyyəti və
sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar
tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Unibank-Sənin Bankın!



























