Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 30 avqust Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib və keçmiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 4 010 Azərbaycan vətəndaşının hələ də itkin düşmüş şəxs kimi qeydiyyatda olduğunu bildirib.
Hacıyev yazıb ki, bu məsələ Prezident İlham Əliyevin diqqət mərkəzindədir və Dövlət Komissiyası itkin düşmüş şəxslərin yerlərinin müəyyən edilməsi, qalıqların tapılması və identifikasiyası, eləcə də onların ailələrinə qaytarılması istiqamətində sistemli fəaliyyət göstərir.
O qeyd edib ki, şahid ifadələri yoxlanılır, ehtimal olunan dəfn yerləri araşdırılır, kütləvi məzarlıqlarda qazıntı işləri aparılır və aşkar edilmiş insan qalıqları məhkəmə-tibbi və DNT analizləri vasitəsilə tədqiq olunur.
Hacıyev vurğulayıb ki, bu günədək 32 kütləvi məzarlıq aşkar edilib və 328 itkin şəxsin kimliyi DNT analizi ilə müəyyənləşdirilib.
Bildirilir ki, Ermənistan tərəfindən itkin düşmüş azərbaycanlıların taleyi və onların dəfn edildiyi yerlər barədə dəqiq və hərtərəfli məlumatın təqdim edilməsi humanitar əhəmiyyət daşıyır və axtarış əməliyyatları mövcud resurslar və qabaqcıl texnologiyalardan istifadə edilməklə davam etdirilir.
Mənbə: az.trend.az
