
Bakı. Trend:
Bir çox hallarda münaqişələrdə sosial medianın rolu görünür.
Trend xəbər verir ki, bu barədə Argentina müdafiə nazirinin
müşaviri Brayn Mayer VI Mədəniyyətlərarası Dialoq Forumu
çərçivəsində keçirilən “Sosial media: mədəniyyətlər və insanlar
arasında körpü və ya sədd?” adlı panel sessiyasında çıxışı zamanı
deyib.
“Sosial mediada bir çox jurnalistlər birləşə bilib. Peşəkar
şəkildə və yaxşı niyyətlə istifadə edildikdə, sosial media bizə
yardım edə bilər. Həmçinin, bir çox mühüm məlumatlara çıxış üçün
sosial mediadan istifadə edə bilərik.
Biz unutmamalıyıq ki, sosial medianın neqativ yönləri mövcuddur.
Lakin bunu çox önə çıxararaq, müsbət tərəflərini gözardı edə
bilmərik”, – deyə o bildirib.
Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumu keçirilir.
“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və
Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif
ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.
100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə
yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28
beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on
panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə
tutulur.
Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən
tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər
Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və
BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə
keçirilir.
Tədbir 1-3 may tarixlərini əhatə edəcək.





























