
Tbilisi. Trend:
Orta Dəhlizin inkişafının maliyyələşdirilməsində beynəlxalq
maliyyə institutlarına üstünlük verilir.
Trend xəbər
verir ki, bu barədə maliyyə naziri Samir Şərifov Tbilisidə Asiya
İnkişaf Bankının (AİB) illik toplantısının kuluarlarında
jurnalistlərə deyib.
“Orta Dəhlizin inkişafına özəl sektorun cəlb edilməsi bir çox
baxımdan görülməsi nəzərdə tutulan işlərin həcmindən asılıdır.
Bugünkü mərhələdə biz daha çox infrastruktur layihələrindən bəhs
edirik. Bu, dəmir yolu və avtomobil kommunikasiyalarının inşasıdır.
Yəni bu, kifayət qədər ciddi fiziki infrastruktur olacaq”, – o
deyib.
Nazir özəl sektorun bu cür layihələri maliyyələşdirdiyini, lakin
kifayət qədər böyük vəsait tələb etdiyini bildirib.
“Bu vəsaitin geri ödəmə müddəti kifayət qədər uzun olmalıdır. Bu
səbəbdən bu şərtlərdə özəl maliyyələşdirmə bir qədər baha olur. Ona
görə də digər maliyyə mənbələrinin, əsasən, Dünya Bankı, Asiya
İnkişaf Bankı, Avropa İnkişaf Bankı, Asiya İnfrastruktur
İnvestisiya Bankı kimi beynəlxalq maliyyə institutlarının
maliyyələşdirməsinə üstünlük verilir. Bir sıra ərəb ölkələrində də
müvafiq inkişaf fondları mövcuddur. Bu maliyyə institutlarına daha
uzun müddətə və daha aşağı faizlə vəsait cəlb etmək olar. Bu isə
kiçik layihələr üçün əhəmiyyət kəsb edir, çünki nəticədə kreditləri
geri ödəmək lazımdır”, – deyə nazir bildirib.
S.Şərifovun sözlərinə görə, kredit cəlb etmək o qədər də çətin
deyil.
“Lakin geri ödəmək üçün məqsədyönlü və uzunmüddətli strategiya
olmalıdır”, – deyə nazir əlavə edib.
Qeyd edək ki, mayın 2-5-də keçiriləcək 57-ci illik toplantının
mövzusu “Gələcəyə Körpü”dür.
İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq.
Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu,
ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİB
prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcə
də, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxış
edəcəklər.
İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean
regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən
keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min
iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların
rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun
nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının
nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak
edir.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























