İsrail Müdafiə Nazirliyinin bəyanatına görə, İsrail və Yunanıstan tarixlərində ən böyük – 3 milyard avro dəyərində müqavilə imzalayıblar. Saziş İsrail Müdafiə Nazirliyinin Təl-Əvivdəki qərargahında təşkil olunmuş imza mərasimində bağlanıb.
Bəyanatda göstərilir ki, “Axilla qalxanı” adlandırılan sənəd çərçivəsində Yunanıstana Rafael şirkətinin istehsalı olan “David’s Sling” və SPYDER sistemləri, həmçinin Israel Aerospace Industries şirkətinin BARAK MX sistemi təhvil veriləcək.
Sazişə MMR radarları və İsrailin idarəetmə sistemi daxil edilib. Bəyanata görə, bu komponentlərdən istifadə etməklə Yunanıstanda çoxsəviyyəli hava hücumundan müdafiə sistemi yaradılacaq.
İmzalanma mərasimində İsrail Müdafiə Nazirliyinin baş direktoru Amir Baram və yunan həmkarı İoannis Bouras iştirak ediblər.
Mənbə informasiyasına əsasən, paketə daxil olan sistemlər bir-birini tamamlayan müdafiə qatları şəklində inteqrasiya ediləcək.
Mənbə: az.trend.az
