
Bakı. Trend:
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyeva Türkiyənin İnsan Hüquqları və Bərabərlik
Qurumunun sədri Muharrem Kılıçın rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüş keçirib.
Trend xəbər verir ki, görüş zamanı Müvəkkil iki qardaş ölkə
arasında müxtəlif sahələrdə, o cümlədən insan hüquq və
azadlıqlarının müdafiəsi sahəsində mövcud əməkdaşlıq əlaqələrinin
davamlı olaraq inkişaf etdirildiyini diqqətə çatdırıb.
Səbinə Əliyeva TİHEK və Azərbaycanın Ombudsman təsisatı arasında
sıx əməkdaşlıq əlaqələrinin məmnunluq doğurduğunu bildirib,
qurumlar arasında həyata keçirilən tədbirlərin müvafiq sahədə
əməkdaşlığın inkişafına töhfə verdiyini qeyd edib.
Görüşdə nümayəndə heyətinin səfərinin yekunları barədə müzakirə
aparılıb, bu cür səfərlərin insan hüquq və azadlıqlarının səmərəli
təmini istiqamətində əldə edilmiş təcrübələrin mübadiləsi
baxımından əhəmiyyəti vurğulanıb.
Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətindən danışan
Ombudsman Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə
çatdırılmasında qardaş ölkə tərəfindən göstərilən dəstəyin yüksək
qiymətləndirildiyini qeyd edib.
TİHEK-in sədri Muharrem Kılıç öz növbəsində qonaqpərvərliyə görə
təşəkkürünü bildirib, qurumlar arasında mövcud əməkdaşlıq
əlaqələrinin gücləndirilməsinin və inkişafının önəmini
vurğulayıb.
Görüşdə, həmçinin qurumlar arasında əməkdaşlığın perspektivləri
müzakirə olunub, Azərbaycanın Ombudsman təsisatı tərəfindən
hazırlanmış hesabatlar qonağa təqdim edilib.
Qeyd edək ki, TİHEK-in sədri Muharrem Kılıçın rəhbərlik etdiyi
nümayəndə heyəti Ombudsman Səbinə Əliyevanın dəvəti əsasında
Azərbaycanda səfər edib. Səfər müddətində Müvəkkilin Milli
Preventiv Qrupunun üzvləri ilə birgə şəxslərin öz iradəsi ilə tərk
edə bilmədiyi bir sıra digər müəssisələrə səfərlər, eləcə də bəzi
rəsmilərlə görüşlər həyata keçirilib.





























