Advertisement

Dinlər arasında qarşılıqlı anlaşma mühüm əhəmiyyət kəsb edir – Cek Noel Gerard

Bakı. Trend:

İnsanlar din müxtəlifliyinə hörmət etməli, qarşı tərəfin dini
inancına hörmətlə yanaşmalıdır. Dinlər arasında qarşılıqlı anlaşma
mühüm əhəmiyyət kəsb edir.

Trend-in məlumatına görə, bunu İsa Masihin Son Günlər Müqəddəsləri
Kilsəsinin Mərkəzi Avropa və Avrasiya üzrə prezidenti Cek Noel
Gerard Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumu çərçivəsində “Müxtəlifliyin qorunması: Multikultural dünyada
problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” adlı panel
müzakirəsi zaman deyib.

O, qarşılıqlı hörməti və anlaşmanı yüksək qiymətləndiriyini
diqqətə çatdırıb.

“Dünyanın bütün inanclarında özünü göstərən dəyərlərə hörmət
edirik. Özünə qarşı istədiyin münasibəti başqasına da
göstərməlisən. Müxtəlif dinlər, mədəniyyətlər arasında qarşılıqlı
anlamaşa və əməkdaşlıq körpüləri qurulmalıdır. Bununla biz dünyanın
qarşıladığı çağırışlarla mübarizə apara bilərik. Əməkdaşlıq
çərçivəsində həqiqətən dəstəyə ehtiyacı olan şəxslərə ləyaqətli
şəkildə köməklik göstərə bilərik”. – deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumu keçirilir.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və
Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif
ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə
yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28
beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on
panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə
tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən
tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər
Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və
BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə
keçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.