Advertisement

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına
təbrik ünvanlayıb.

Trend xəbər verir ki,
təbrikdə deyilir:

“Hörmətli həmvətənlər!

Müqəddəs Pasxa bayramı münasibətilə Azərbaycanın bütün xristian
icmasını ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi
yetirirəm.

Qədim dövlətçilik tarixinə malik olan Azərbaycanda ayrı-ayrı
xalqların və etiqadların mənsubları yüz illərdir ki, sülh və
əmin-amanlıq şəraitində yaşayır, heç bir ayrı-seçkiliyə məruz
qalmadan dil və mədəniyyətini, etnik-mədəni özünəməxsusluğunu
qoruyub saxlayırlar. Xalqımıza xas zəngin tolerantlıq ənənələrinin,
multikultural dəyərlərin təbliği və təşviqi ölkəmizdə həyata
keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən
biridir.

Bu gün Azərbaycan Respublikası müxtəlif dinlər və etiqadlar
arasında qarşılıqlı hörmət və etimad mühitinin, demokratik
birgəyaşayış prinsiplərinin mövcud olduğu unikal bir məkandır və
dünyada sivilizasiyalararası münasibətlərin inkişafına mühüm
töhfələr verir.

Cəmiyyətimizdə dilindən, dinindən, etnik mənsubiyyətindən asılı
olmayaraq, hər kəsin mədəni özünüifadəsi üçün bərabər imkanlar
yaradılmışdır. Təqdirəlayiq haldır ki, ölkəmizin bütün etnik və
dini azlıqları, o cümlədən xristian vətəndaşlarımız ictimai-siyasi
həyatın bütün sahələrində yaxından iştirak edir, Azərbaycanın
tərəqqisi və çiçəklənməsi naminə vətəndaşlıq borcunu layiqincə
yerinə yetirirlər.

Əziz həmvətənlər!

Dirçəlişin, yeniliyin, mərhəmət və xeyirxahlıq duyğularının
rəmzi olan Pasxa bayramı münasibətilə bir daha hər birinizə
cansağlığı, xoşbəxtlik, ailələrinizə firavanlıq arzulayıram.

Bayramınız mübarək olsun!”