Advertisement

Ağdamda avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunub

Bakı. Trend:

Ağdamda toy karvanında avtoxuliqanlıq edən 5 sürücü inzibati
məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata
görə, Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində toy karvanında
avtoxuliqanlıq hərəkətləri edərək digər hərəkət iştirakçıları üçün
təhlükə yaradan 5 sürücü saxlanılıb. Onların idarələrində olan
avtomobillər isə müvəqqəti duracağa yerləşdirilib.

Saxlanılan sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin
müvafiq maddələrinə əsasən protokollar tərtib edilərək baxılması
üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Qərara əsasən
onlardan 2 nəfər barəsində inzibati qaydada 15 sutka həbs,
digərlərinə isə cərimə növündə tədbir tətbiq olunub.