Advertisement

“Qaçqınkom” Laçında evlə bağlı püşkatmada yaranmış anlaşılmazlığa aydınlıq gətirib

Bakı. Trend:

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa
dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində
Laçın rayonunun Sus və Bəylik kəndləri birləşdirilib, onlar üçün,
ümumilikdə, 150 evlik yeni yaşayış məntəqəsinin inşasına
başlanılıb. Birinci mərhələdə 59 fərdi ev tikilib və istifadəyə
hazırdır, daha 91 evin tikintisi isə davam etdirilir.

Bu barədə Trend-ə “Qaçqınkom”dan məlumat verilib.

Bildirilib ki, birinci mərhələ üzrə püşkatmadan sonra sakinlərin
müraciətləri əsas götürülərək, nəticələrə yenidən baxılıb və 2
püşkün nəticəsi ləğv edilib.

“Həmin püşklər Sus və Bəylik kəndlərində deyil, qonşuluqdakı
Qızılca kəndində daimi qeydiyyatda olan ailələrə aiddir. Araşdırma
zamanı məlum olub ki, yeni yaşayış məntəqəsinin salındığı ərazidə
işğaldan əvvəl həmin ailələrin də evləri olduğu üçün adları Sus və
Bəylik kəndlərinin sakinləri ilə eyni püşkatma siyahısına daxil
edilib. Bu hal kənd sakinlərində narazılıq yaradıb.

Ləğv edilmiş püşklərin sahibləri Dövlət Komitəsinə dəvət olunub,
onlara ətraflı izahat verilib və bildirilib ki, ikinci mərhələdə
evlə təmin olunmaqları nəzərdə tutulur”, – qurumdan qeyd
edilib.