
Tbilisi. Trend:
Gürcüstan satınalma praktikasında yanaşmasını dəyişir.
Trend xəbər
verir ki, bu barədə Gürcüstanın Dövlət Satınalmaları Agentliyinin
sədr müavini Kaxa Demetraşvili Tbilisidə AİB-in illik toplantıları
çərçivəsində keçirilən “Dayanıqlı satınalmalar – AİB-in iqlim
dəyişmələrinin nəticələrinin yüngülləşdirilməsi və onlara
adaptasiya üzrə hədəflərinin əldə olunmasına töhfə” mövzusunda
panel müzakirəsində çıxışında deyib.
“Biz bu yola altı il əvvəl başladıq. Bunu konsepsiya fəlsəfəsi
adlandırdıq. Bu, mahiyyətcə eyni fəlsəfi konsepsiyadır. Bu, yeni
bir fəlsəfədir. Güman edirəm ki, çoxunuz dövlət satınalmaları və ya
satınalmalar üzrə, ən azı maliyyə üzrə peşəkarlarsınız. Bu səbəbdən
fəlsəfəmizi dəyişirik. Yanaşmamızı dəyişirik. Dövlət siyasətində
anlayışları dəyişirik, hətta deyərdim ki, bu, təkcə satınalma
praktikasında baş vermir”, – o deyib.
“Bizdən məhsul alan sifarişçilərimiz mütləq satınalma
meyarlarını tətbiq etməlidir. Bu, unikal tarixçədir. Hazırda
növbəti addımları atırıq: bu məhsulların siyahısını
genişləndiririk, sonra isə sifarişçilərin siyahısını genişləndirmək
və vəsait həddini azaltmaq üçün xidmətlərə keçid edirik. Beləliklə,
bu, unikal gürcü strategiyasıdır”, – deyə Demetraşvili əlavə
edib.
Qeyd edək ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illik
toplantının mövzusu “Gələcəyə Körpü”dür.
İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq.
Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu,
ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİB
prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcə
də, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxış
edəcəklər.
İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean
regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən
keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min
iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların
rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun
nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının
nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak
edir.
(Tərcümə: Rəna Əbdürəhmanova)

























