
Bakı. Trend:
Müxtəlif ölkələrin hərbi qulluqçularının iştirak etdiyi kompüter
dəstəkli komanda-qərargah təliminin icra mərhələsi keçirilir.
Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, təlimin ilkin
mərhələsində təlimə nəzarət qərargahının hazırlıq prosesi həyata
keçirilib, ssenari və icra olunacaq tapşırıqlara dair brifinq
verilib.
Bildirilib ki, komanda-qərargah təlimində əsas diqqət qarşılıqlı
təcrübə mübadiləsinin aparılması, iştirakçı ölkələrin hərbi
qulluqçularının birgə fəaliyyətinin təşkili, qərargah zabitlərinin
xəritə üzərində qərar qəbuletmə bacarıqlarının artırılması,
həmçinin onların peşəkarlıq və hazırlıq səviyyəsinin daha da
təkmilləşdirilməsinə yönəldilib.
Bundan başqa çoxmillətli Müştərək Tapşırıq Qüvvəsinin
qərargahında tətbiq olunan kompüter dəstəkli komanda-idarəetmə
sistemləri təlim iştirakçıları tərəfindən məşq etdirilib.
Plana uyğun olaraq, təlimin icra mərhələsində çoxmillətli
qərargaha daxil olan müdaxilələr əsasında müxtəlif tapşırıqlar icra
olunur.
Azərbaycan Ordusunun təlimə cəlb edilən hərbi qulluqçuları digər
iştirakçılarla birgə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə
yerinə yetirirlər.
Qeyd edək ki, mayın 30-dək keçiriləcək “EFES – 2024” çoxmillətli
təlimi çərçivəsində kompüter dəstəkli komanda-qərargah
fəaliyyətləri və döyüş atışlı praktiki məşqlər icra olunacaq.





























