
Bakı. Trend:
2024-cü ilin yanvarına olan məlumata görə, Azərbaycanda 36659
narkotikdən əziyyət çəkən şəxs dispanser nəzarətindədir. Ötən il
ərzində 405 nəfər müalicə üçün tibb müəssisəsinə yerləşdirilib.
Trend-in məlumatlarına görə, bunu Narkomanlığa və Narkotik
Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət
Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbəri Fəqan
Şahverdiyev Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə
keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda Forum
çərçivəsində “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün
istifadə” mövzusunda panel müzakirələri zaman deyib.
O qeyd edib ki, həmin şəxslərin 8458 nəfəri bir neçə növ
narkotik vasitə istifadəçisidir. Onun sözlərinə görə, 36659 nəfər
narkotik istifadəçisinin 802 nəfərini qadınlar təşkil edir.
Ş.Şahverdiyev həmçinin diqqətə çatdırıb ki, narkotik
vasitələrdən əziyyət çəkən insanların ictimailəşdirilməsi, onların
icazəsi olmadan üzlərinin göstərilməsi doğru deyil.
Qeyd edək ki, Bakıda Medianın İnkişafı Agentliyinin
təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində”
mövzusunda Forum keçirilir. Tədbir çərçivəsində “Narkomanlığa qarşı
mübarizədə mediadan düzgün istifadə”, “Sosial məsələlərin,
həmçinin, məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların
mediada düzgün işıqlandırılması”, “Mediada kiberbullinqə qarşı
effektiv mübarizə və kiber maarifləndirmə” və “Yaşıl dünya naminə
həmrəylik ili”ndə media gündəmi” mövzularında panel sessiyalar
təşkil olunacaq.





























