
Bakı. Trend:
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə
həmrəylik ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə
tədbirlərin davamı olaraq, o cümlədən prokurorluq orqanlarının
fəaliyyətinə olan ictimai maraq nəzərə alınaraq, mayın 3-də Xətai
rayon prokurorluğunun inzibati binasında “Yaşıl dünya üçün hüquqi
yeniliklər” adlı tədbir keçirilib.
Trend xəbər verir ki, tədbirdə media qurumları və qeyri-hökumət
təşkilatlarının nümayəndələri iştirak edib.
Ətraf mühitin mühafizəsi, habelə prokurorluq orqanlarının
fəaliyyəti ilə bağlı məlumatlılığın artırılması məqsədilə təşkil
olunmuş tədbir zamanı açılış nitqi ilə çıxış edən Xətai rayon
prokuroru Sərdar İmanov qonaqları salamlayaraq, rayon
prokurorluğunun fəaliyyəti, cinayətkarlığa qarşı aparılan mübarizə
tədbirləri, habelə insan hüquq və azadlıqlarının müdafiəsi naminə
görülən işlər barədə danışıb.
Bakı şəhər prokurorunun köməkçisi Famil Axundov çıxışında
prokurorluq orqanlarının digər dövlət qurumları ilə birgə ətraf
mühitin mühafizəsi və ekoloji tarazlığın bərpa edilməsi
istiqamətində gördüyü kompleks işlər barədə məlumat verib, yaşıl
dünya naminə beynəlxalq əməkdaşlığın əhəmiyyətindən bəhs edib.
Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan
Zeynalov çıxış zamanı yaşıl dünya üçün hüquqi tənzimləmələrdən bəhs
edərək təbii resurslar və bioloji çeşidliliyin qorunması,
tullantıların idarə olunması, enerji effektliliyi və alternativ
enerji istehsalı, zərərli kimyəvi maddələrin idarə edilməsi kimi
sahələrdə formalaşmış hüquqi strukturlar, normativ əsaslar və
hüquqi məsuliyyət tədbirləri barədə məlumat verib.
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin
böyük prokuroru Şəbnəm Məmmədova çıxışı zamanı ekoloji
təhlükəsizliyin təmin edilməsi istiqamətində görülən tədbirlər
barədə məlumat verərək bəzi statistik göstəricilərə toxunub.
Həmçinin, tədbir zamanı rayon prokurorluğunun əməkdaşları
tərəfindən fəaliyyət sahələri üzrə dinləyicilərə ətraflı məlumatlar
verilib.
İnzibati bina barədə məlumatlandırılan iştirakçılar binada
əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə tanış olub, onlara
“Elektron prokurorluq” informasiya sistemi əyani olaraq nümayiş
olunub.
Kriminalistik avtomobil və avadanlıqlarla tanış olan qonaqlara
istintaq hərəkətlərinin keçirilməsi zamanı müasir texnikadan
istifadənin əhəmiyyəti izah olunub.
Prokurorluq orqanlarında görülmüş işlərlə bağlı videoçarxı
izlədikdən sonra iştirakçılarla fikir mübadiləsi aparılıb,
prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı onları maraqlandıran
suallar cavablandırılıb.
Sonda xatirə fotoşəkli çəkilib.





























