Advertisement

Məişət zorakılığı və erkən nikah ən diqqətçəkən mövzulardandır – TƏBİB rəsmisi

Bakı. Trend:

Araşdırmalar göstərir ki, reytinq auditoriyanın oxuduğu və ya
izlədiyi məlumatlara emosional yanaşma üzərində qurulan sistemdir.
Təqdim olunan material vətəndaşlarda nə qədər çox emosiya yarada
bilirsə, məzmun da bir o qədər reytinqli olur.

Trend xəbər verir ki bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və
kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova Medianın
İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai
proseslər media müstəvisində” mövzusunda Forum çərçivəsində “Sosial
məsələlərin, həmçinin məişət zorakılığı və erkən nikah kimi həssas
mövzuların mediada düzgen işıqlandırılması” adlı panel sessiyada
çıxışı zamanı deyib.

O qeyd edib ki, istər ölkə, istərsə də dünya mediasında sosial
məsələlər, həmçinin məişət zorakılığı və erkən nikah ən diqqətçəkən
mövzulardandır.

“Təsadüfi deyil ki, sözügedən məsələlərlə bağlı atılan bütün
addımlar fikir mübadilələrinə daha çox səbəb olur. Bu səbəbdən də
bu kimi mövzuların işıqlandırılması zamanı media nümayəndələri daha
diqqətli olmalıdırlar”, – deyə o əlavə edib.