
Bakı. Trend:
Xalq Bankın “Xalq Əmanəti” layihəsinin 24-cü nəşri azərbaycanlı
rəssam Cahid Camala həsr olunub.
Azərbaycan, ingilis və rus dillərində hazırlanmış bədii albom
Cahid Camalın həyat və yaradıcılığına nəzər salır, onun irsini
açıqlayır.
Mayın 3-də Bakıda görkəmli rəssamlar, ziyalılar və digər
incəsənət təmsilçilərinin iştirakı ilə yeni nəşrin təqdimatı
keçirilib. Gecədə çıxış edənlər kitabın zəngin mənbə olduğunu,
Azərbaycan təsviri sənətinin çağdaş dünyada tanınması istiqamətində
xüsusi rol oynaycağını qeyd edib, bütövlükdə “Xalq Əmanəti”
layihəsinin milli irsin qorunması sahəsində əhəmiyyətindən
danışıblar.
Cahid Camal 15 noyabr 1928-ci ildə Qarabağ torpağında, Ağdam
rayonunun Gülablı kəndində anadan olub. Ailələrinin Şuşada da evi
vardı. Pasport alarkən, valideynlərinin razılığı ilə Cahid özünə
babasının adını – Camal soyadını götürür.
Belə bir məlumat da var ki, ata tərəfdən Cahidin şəcərəsi
Sarıcalı xanlarının xəttilə Qarabağ xanlığının əsasını qoyan Pənah
Əli xana qədər uzanır.
Cahid Camalın bədii üslubu və yaradıcılığının formalaşmasında
coğrafiyanın müstəsna rolu var. O, Azərbaycanın yalnız şəhər
mədəniyyətini deyil, kənd mühitini də göstərməyi bacarıb.
Azərbaycanın dili, tarixi, əfsanə və rəvayətləri, təbiəti,
musiqisi, memarlığı, xalq tətbiqi sənəti, xalı və tikmələri
rəssamın ilham mənbəyinə çevrilib, əsərlərinin süjet və rəng həlli,
parlaq boyalara və ornamentlərə sevgisində əks olunub.
Cahid Camal Rusiya Federasiyasının Əməkdar rəssamı, Moskva
Rəssamlar İttifaqı, Azərbaycan Rəssamlar İttifaqı, Monqolustan
Rəssamlar İttifaqı və Beynəlxalq Təsviri Sənət Fondunun üzvü olub.
Rəssamın əsərləri Azərbaycan İncəsənət muzeyində (Bakı),
Q.Zanabazar adına Təsviri İncəsənət Muzeyində, Monqol Milli-Tarixi
Muzeyində (Ulan-Bator), Dövlət Rus Muzeyində (Sankt-Peterburq),
Dövlət Şərq Muzeyində (Moskva), qalereya və şəxsi kolleksiyalarda
saxlanılır. Sərgiləri hələ sağlığında Bakı, Moskva, Dubna, Minsk,
Almatı, Kişinyov, Ulan-Bator və Gəncədə təşkil edilib.
Titullarından da göründüyü kimi, rəssamın yaradıcılığı zəngin
mədəniyyətə malik üç ölkə – Azərbaycan, Rusiya və Monqolustan ilə
eyni dərəcədə bağlıdır. Onun adı bu ölkələrin XX əsrin ikinci
yarısı və XXI əsrin birinci onilliyinin təsviri sənət tarixinə
yazılıb.
Bu vaxtadək Cahid Camalın rənglərin təbiətinin araşdırılmasına
həsr edilmiş “Rəngin anatomiyası” və “Geyimdə rəng” əsərləri nəşr
etdirilib.
Cahid Camal şəkil çəkməyə çox erkən yaşlarından həvəs göstərib,
getdikcə maraq və istəyi daha da güclənib, buna baxmayaraq, uşağın
rəssam olmaq arzusu valideynləri üçün gözlənilməz olub. Lakin onun
anası Gülcahan xanım oğlunun yaradıcı istedadına, qabiliyyətinə
inanır, hətta onun uşaqkən çəkdiyi rəsmləri toplayırmış.
1945-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirən
kimi, 1946-cı ildə V.İ.Surikov adına Moskva Dövlət Akademik Bədii
İnstitutuna daxil olur, təhsilini “dekorçu-rəssam” ixtisası üzrə
dekorativ tətbiqi rəssamlıq sənəti bölməsində davam etdirir. Ali
təhsilini başa çatdırandan sonra Camal Bolşoy Teatra stajçı-rəssam
kimi işə götürülür və orada iki il ərzində (1952-1954) peşəkar
təcrübə toplayır. Staj müddətini bitirən həmyerlimiz Mayakovskinin
adını daşıyan teatrda dekorçu-rəssam kimi işə düzəlir.
1952-ci ildə rəssam Üzeyir Hacıbəylinin Azərbaycan Opera və
Balet Teatrında səhnəyə qoyulacaq “Koroğlu” operası üçün dekorasiya
eskizləri də çəkir. 1958-1961-ci illərdə isə Moskva yaxınlığındakı
Elektrostal şəhərinin Xalq Opera Teatrında “Yevgeni Onegin”,
“İolanta” tamaşaları üzərində çalışır.
1956-cı ildə Cahid Camal Moskvadakı VDNX-də (XTNS) Azərbaycan
pavilyonunun baş rəssamı olaraq tədbirlərə qatılıb.
Cahid Camal kitab qrafikası sahəsində də özünü əla
illüstrator-rəssam kimi göstərməyə nail olub. O, Bakıdakı
“Azərnəşr” və bir neçə Moskva nəşriyyatı (“Raduqa”, “Proqress” və
s.) üçün kitablara tərtibat verir. “Koroğlu” xalq dastanı (1956),
“Molla Nəsrəddinin lətifələri” (1959), C.İkraminin “Od qızı”
(1965), X.Qoytisolonun “Elə həmin sözlər” (1967), Namdağın
“Həyəcanlı illər” (1969) kitablarının bədii tərtibatı məhz ona
məxsusdur. Özünü plakatçı-rəssam kimi də sınayan gənc sənətkar bir
neçə il “Soyuzmultfilm”də multiplikasiyaçı-rəssam kimi də
çalışıb.
Cahid Camal yaradıcılığının böyük və ən parlaq hissəsi
Monqolustanla bağlıdır və o, bu ölkəyə həsr olunmuş 850 əsər
işləyib. Xalqın mədəni irsinin dərinliyini anlamağa can atan rəssam
“Monqolların gizli rəvayətləri”ni həvəslə oxuyur, tarixi mənbələri
araşdırırdı. Cahid Camal Monqolustanın dağlarına, səhralarına
səyahət edir, kəndlərə, ucqar qoyun yataqlarına baş çəkirdi.
“Monqol süitası” silsiləsində rəssam XX əsr Monqolustanının
fərqliliyindən söz açır, həm qədim, ənənəvi, köçəri həyatı, həm də
yeni, çoxmərtəbəli binaların inşa edildiyi şəhərləri təsvir edir,
maldar-aratların monqol çöllərindəki atlarını, dəvələrini müasir
texnikaya, sürətli maşınlara dəyişdiyindən bəhs edir.
Cahid Camalın Monqolustanla tanışlığı 1962-ci ilə təsadüf edir –
bu, rəssamın bioqrafiyasında gələcək tədqiqatları üçün bir
başlanğıc nöqtəsi idi. Sonralar onun daha bir silsiləsi yarandı –
“Monqolustan. Qobi” (1970).
Monqolustana aid əsərlərə Moskvada çox maraq göstərirdilər,
onlar vaxtaşırı “Komsomolskaya pravda” və “İzvestiya” qəzetlərində,
“Oqonyok”, “Moskva”, “İnostrannaya literatura” və başqa jurnallarda
dərc edilirdi.
Cahid Camal 2011-ci il iyunun 17-də Moskvada vəfat edib.
“Xalq Əmanəti” layihəsi ASC “Xalq” Bankı tərəfindən 2010-cu
ildən etibarən həyata keçirilir. Layihə Azərbaycan xalqının mədəni
irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərinin
dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr
olunan kitablar – Azərbaycan, ingilis, rus dillərində çap olunur.
Nəşrlər ölkənin ali və orta təhsil müəssisələri, uşaq evləri və
kitabxanalar, müxtəlif fondlar, dövlət müəssisələri, xarici
ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən
səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə,
kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Bu günədək
Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar
Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, xalça rəssamı
Lətif Kərimov, eləcə də Ələkbər Rzaquliyev, Tağı Tağıyev, Mahmud
Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Şamo Abasov, Fazil Əliyev,
Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinov,
şəhid-heykəltaraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər
təşkil edilib və bədii albomlar nəşr olunub. Xalq şairləri Məmməd
Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, unudulmaz
Mikayıl Müşfiqin və Hökumə Billurinin seçilmiş əsərləri, görkəmli
alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri”
kitabı, “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, həmçinin dünya
şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və
rus dillərində “Bütün əsərləri” işıq üzü görüb.





























