
Bakı. Trend:
Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında Orta Dəhlizin
inkişafı məsələləri müzakirə edilib.
Trend xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat
naziri Rəşad Nəbiyev şəxsi “X” hesabında paylaşım edib.
“Ölkəmizdə səfərdə olan Avropa Komissiyasının qonşuluq və
genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Kupmanla
görüşdük. Avropa İttifaqı və Azərbaycan arasında nəqliyyat
sahəsində əməkdaşlığı, xüsusilə Orta Dəhlizin inkişafı məsələlərini
müzakirə etdik”, – nazir bildirib.
Qeyd edək ki, Orta Dəhliz artıq 10 ildir ki, inkişaf edir, lakin
son illərdə geosiyasi reallıqlar fonunda ona xüsusi diqqət
yetirilir. 2023-cü ildə Orta Dəhlizlə 2,76 milyon ton yük daşınıb,
2024-cü ildə isə 4,2 milyon tona çatdırılması planlaşdırılır.



























