
Bakı. Trend:
Yeni ixtisas üzrə təhsil müəssisəsində ilk dəfə tədrisə
başlanılması qaydaları açıqlanıb.
Trend xəbər verir ki, bu, Elm və Təhsil Nazirliyinin
Kollegiyasının təsdiqlədiyi “Yeni təhsil proqramlarının
(ixtisasların) açılması Qaydaları”nda əksini tapıb.
Qaydaya görə, təsnifatda mövcud olan ixtisas üzrə təhsil
müəssisəsində ilk dəfə (o cümlədən son üç tədris ilində ardıcıl
olaraq həmin ixtisas üzrə tələbə qəbulu həyata keçirilmədikdə)
tədrisə başlanılması maraqlı tərəflərin (assosiasiyalar,
ittifaqlar, işəgötürənlər, işəgötürən birlikləri, dövlət orqan və
qurumları, sahibkarlar, təhsili müəssisələrinin elmi-pedaqoji
heyəti/ mühəndis-pedaqoji heyət və sair) təşəbbüsü əsasında həyata
keçirilir.
-Maraqlı tərəflər təsnifatda mövcud olan ixtisas üzrə ilk dəfə
tədrisə başlanılması məqsədi ilə əsaslandırıcı təkliflərini müvafiq
profilli təhsil müəssisəsinə təqdim edirlər.
-Təsnifatda mövcud olan ixtisas üzrə təhsil müəssisəsində ilk
dəfə tədrisə başlanılması barədə müraciət 1 (bir) ay müddətində
təhsil müəssisənin Elmi Şurasında/Pedaqoji Şurasında baxılır və
təkliflər əsaslandırıcı hesab edildiyi halda, müvafiq qərarla
maraqlı tərəflərin, eləcə də mütəxəssislərin və ekspertlərin
iştirakı ilə İşçi Qrupunun yaradılması barədə qərar qəbul
edilir.
-İşçi Qrupu 3 (üç) ay müddətində təsnifatda mövcud olan ixtisas
üzrə təhsil müəssisində ilk dəfə tədrisə başlanılması məqsədilə
tədris olunacaq ixtisasın bu Qaydaların 2-ci hissəsi ilə müəyyən
edilmiş ümumi tələblərə uyğunluğunu araşdırır, yeni ixtisas üzrə
əmək bazarının mövcud vəziyyətini və gələcək prespektivlərini
təhlil edir və qiymətləndirir aparır, işəgötürənlərin (işəgötürən
birliklərinin) rəyini alır, beynəlxalq təcrübəni öyrənir, əmək
bazarının yeni ixtisas üzrə kadrlara olan potensial tələbatını
müəyyən edir və bununla bağlı hazırlanmış sənədləri və materialları
(hesabatlar, arayışlar, təqdimatlar, təhlillər, araşdırmalar,
sorğular və s.) təhsil müəssisəsinin Elmi Şurasına/Pedaqoji
Şurasına təqdim edir.
İşçi Qrupu müvafiq sənədlərin hazırlanmasını 3 (üç) ay müddətinə
tamamlaya bilməzsə, təhsil müəssisəsinin Elmi/Pedaqoji Şurası
qarşısında müddətin artırılması barədə vəsatət qaldırır. Vəsatət
məqsədəuyğun hesab edildiyi halda təhsil müəssisəsinin
Elmi/Pedaqoji Şurası müddətin ən çoxu bir ay artırılması barədə
qərar qəbul edir.





























