Advertisement

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

Bakı. Trend:

Ən böyük təyyarə istehsalçısı “Boeing” şirkəti gələn həftə
astronavtlardan ibarət ekipajla birlikdə ilk “Starliner” kosmik
kapsulunu orbitə göndərməyə hazırlaşır ki, bu da ona İlon Maskın
“SpaceX” kompaniyası ilə rəqabət aparmaq üçün mübarizədə qələbə
qazanmaq şansı verir.

Trend “Reuters” agentliyinə istinadən xəbər verir ki, “CST-100
Starliner” sınaq missiyası 1 milyard dollardan çox məsrəfdən sonra
illərlə təxirə salınan bir mərhələdir.

Şirkət kosmik gəminin kosmosa adi səfərlər üçün
təsdiqlənməsindən əvvəl keçirilən son nümayişdə kommersiya ekipajı
proqramı çərçivəsində iki NASA astronavtını Beynəlxalq Kosmik
Stansiyaya (BKS) göndərəcək.

NASA son illərdə öz astronavtlarını və digər müştərilərini BKS-ə
və daha iddialı “Artemida” proqramı çərçivəsində Aya və daha sonra
Marsa daşıya biləcək yeni nəsil özəl kosmik gəmi layihəsini
dəstəkləyib. “Starliner” isə agentliyin kommersiya məqsədli
modelinin ən son məhsuludur.

Agentliyin köməkçi inzibatçısı Cim Fri buraxılışdan əvvəl
keçirilən mətbuat konfransında jurnalistlərə deyib ki, yeni kosmik
gəminin ilk ekipaj uçuşu tamamilə kritik bir mərhələdir. Onun
sözlərinə görə, ekipaj üzvləri Sani Villiams və Batç Vilmorun
həyatı risk altında ola bilər.