
Bakı. Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Heyvanlarla
məsuliyyətli davranış haqqında” Azərbaycan Respublikasının Qanunu
layihəsinin hazırlanması ilə bağlı ictimaiyyətin
məlumatlandırılması, eyni zamanda, ölkəmizdə heyvanlarla davranış
sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar
təkliflərin dinlənilməsi və müzakirəsi məqsədilə növbəti ictimai
dinləmə keçirilib.
Trend xəbər verir ki,
tədbirdə ekoloqlar, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında
İctimai Şuranın üzvləri, Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin
nümayəndəsi və digər maraqlı tərəflər iştirak edib.
Görüşdə heyvanlarla davranışda qəddarlıq hallarının və belə
hallara cəmiyyətin laqeydliyinin aradan qaldırılması məqsədilə
fiziki və hüquqi şəxslər tərəfindən heyvanların saxlanması, onlarla
davranış zamanı yaranan münasibətlərin hüquqi əsaslarının müəyyən
edilməsi istiqamətində qanunvericilik sistemində yeni
təkmilləşdirilmələrin həyata keçirilməsi ilə bağlı müzakirələr
aparılıb.
İctimai dinləmədə cəmiyyətdə humanizmin inkişafı və heyvanlarla
davranış zamanı məsuliyyətliliyin, eyni zamanda hüquqi şüurun daha
da artırılması ilə əlaqədar iştirakçıların fikirləri
dinlənilib.





























