
Bakı. Trend:
Fevralın 12-də Milli Məclisin Elm və təhsil komitəsinin
videokonfrans formatında növbəti iclası keçirilib.
Trend xəbər verir ki,
komitənin sədri Bəxtiyar Əliyev iclası açaraq bildirib ki, dünən
Mərkəzi Seçki Komissiyası ölkəmizdə keçirilən növbədənkənar
Prezident seçkilərinin nəticələrini təsdiq edib.
Komitə sədri mötəbər beynəlxalq təşkilatların, bir çox dünya
ölkələrinin müşahidəçilərinin iştirak etdiyi seçkilərdə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin seçicilərin 92,12
faiz səsini qazanaraq, yenidən Prezident vəzifəsinə seçildiyini
vurğulayıb. O, qeyd edib ki, ölkəmizdə keçirilən azad, demokratik,
şəffaf seçkilərdə Azərbaycan xalqı sərbəst şəkildə öz iradəsini
ifadə edərək, ölkəmizin xoşbəxt gələcəyinə, müstəqil, qüdrətli
dövlət kimi inkişafına səs verib.
Sonra Bəxtiyar Əliyev bildirib ki, iclasın gündəliyinə bir
məsələ – Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində,
Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində,
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında”
Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
qanun layihəsi üçüncü oxunuşda daxil edilib.
Qanun layihəsi məişət zorakılığının qarşısının alınması
sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və məişət
zorakılığından zərər çəkmiş şəxslərin hüquqlarının daha səmərəli
təmin edilməsi məqsədilə hazırlanıb.
Bəxtiyar Əliyev diqqətə çatdırıb ki, sənəddə “Təhsil haqqında”
Qanuna 11.3-2-ci maddənin əlavə edilməsi təklif olunur. Əlavəyə
əsasən, ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində tədris
olunan müvafiq fənn və dərsdənkənar məşğələlərin məzmununa
təhsilalanların yaş xüsusiyyətləri nəzərə alınmaqla, qarşılıqlı
hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yollarla
həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair
mövzular daxil edilir.
Onlayn iclasda təqdim edilən qanun layihəsi üçüncü oxunuşda
baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.





























