Advertisement

Azərbaycan klubunun Avropa yolu bağlanıb

Bakı. Trend:

Azərbaycanın daha bir klubunun avrokuboklara yolu bağlanıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, “Səbail” qitə kuboklarında oynamağa
nəzəri şanslarını itirib.

Buna Premyer Liqanın XXXIII turunun son matçı səbəb olub.
“Qəbələ”yə 2:3 hesabı ilə uduzan Şahin Diniyevin yetirmələri
“dördlük”də yer almaq imkanları ilə vidalaşıblar.

42 xalla 6-cı olan “Səbail” ən yaxşı halda 4-cü yerdəki
“Sumqayıt”a çata bilər. Amma şəxsi oyunların nəticələri bakılılar
“dördlük”dən kənarda saxlayacaq. Hətta 3-4 komandanın xalları eyni
olsa da, “Səbail” 5-ci yerdən yuxarı qalxa bilməyəcək.

Bununla da avrokuboklara son üç vəsiqəyə 4 namizəd qalıb.
“Zirə”, “Sabah”, “Sumqayıt” və “Neftçi” Avropa Liqasına 1, Konfrans
Liqasına 2 yer üçün mübarizə aparır. Çempionlar Liqasına vəsiqəni
isə “Qarabağ” xeyli öncədən “bron” edib.

Qeyd edək ki, XXXIII turun əvvəlki günlərində “Turan Tovuz”da
avrokubok şansını itirib.