
Bakı. Trend:
Fevralın 12-də Ermənistan ordusunun snayperinin Nerkin-Hand
kəndi yaxınlığında yerləşən mövqeyindən Zəngilan istiqamətində
DSX-nin mövqelərinə atəş açması görüntüsü bir çox məqamlara
aydınlıq gətirdi.
Azərbaycanla şərti dövlət sərhədindəki mövqeyə snayperi çıxaran
və əsgərimizə atəş açdıran Ermənistan Müdafiə Nazirliyi baş vermiş
olayın “konkret şəxs tərəfindən törədildiyini” dedi.
Daha sonra sosial şəbəkələrin Ermənistan seqmentində atəş açan
şəxsin “Yerkrapa” Könüllülər İttifaqının mənsubu olduğu
vurğulandı.
Sərhəddə Ermənistan Müdafiə Nazirliyinin uzunmüddətli müdafiə və
müşahidə məntəqələrində, habelə postlarında “Yerkrapa”nın yüzlərlə
mənsubu var.
Onların tam əksəriyyəti Birinci və ya İkinci Qarabağ
Müharibəsinin iştirakçılıdır, aralarında da Azərbaycan
vətəndaşlarına qarşı xüsusi amansızlıqla törədilən cinayətlərin,
soyqırımların və s. iştirakçıları var.
Dövlət Sərhəd Xidmətinin həyata keçirdiyi “Qisas” əməliyyatı
nəticəsində 4 erməni məhv edilib.
Onlar Arutyunyan Eduard Hamletoviç (1974-cü il təvəllüdlü),
Manukyan Qaqik Varazdatoviç (1982-ci il təvəllüdlü), Ambartsumyan
Arsen Qagik (1979-cu il təvəllüdlü) və Oqanesyan Qraçya
Talışeviçdir (1957-ci il təvəllüdlü). Bu ermənilərin heç biri
Ermənistan Silahlı Qüvvələrində çağırış əsasında xidmət edən
gənclər deyil və “Yerkrapa” mənsublarıdır.
Sərhəddə bu şəxslərin olması, üstəlik onların mövqelərdə və
postlarda yerləşdirilməsi birmənalı olaraq vəziyyətin
gərginləşdirilməsinə yönəlmiş qərardır.
Ermənistanın Müdafiə Nazirliyi insidentlə bağlı araşdırma və
təhqiqatların aparıldığını, “günahkarların cəzalandırılacağını”
bəyan edir.
Eyni zamanda, məsuliyyət hansısa “konkret şəxslər”in üzərinə
atılır və belədə rəsmi İrəvan çox acınacaqlı təsir bağışlayır.
Snayper “Yerkrapa” mənsubu olsa belə, bu, yaşananlara görə
Ermənistanın rəsmi qurumlarının məsul olmaması anlamına gəlmir,
çünki “Yerkrapa” bilavasitə və birbaşa şəkildə Ermənistan Müdafiə
Nazirliyinə tabedir.
Bu struktur “könüllülər təşkilatı” adlansa da, Ermənistanın
dövlət büdcəsindən maliyyələşir, Müdafiə Nazirliyi tərəfindən idarə
olunur və tapşırıqları da erməni generallardan alır.
Baş vermiş hadisə ilə bağlı çoxsaylı versiyalar var və onların
arasında xüsusi yeri guya “hadisənin arxasında Rusiya durur”
iddiası var.
Əslində, Ermənistanın hakimiyyət dairələri də buna işarə vurmağa
çalışmışdılar və hər vəchlə müxtəlif invariasiyaları ortaya
atırdılar.
Onların cəhdləri gözlənilən nəticə vermədi və hətta tam əksinə,
kəskin tənqidlərlə üzləşdi.
Məsələn, Rusiya Federasiyasının ən populyar bloqerlərindən olan,
məşhur “Rybar” Teleqram kanalının rəhbəri Mixail Zvinçuk belə,
rəsmi İrəvanın bəyanatlarının saxtakarlıq və iz yayındırmaq
cəhdləri olduğunu vurğulayıb.
Ermənistan isteblişmentinin mənsubları insidentin baş verdiyi
mövqedə “Yerkrapa” mənsublarının olduqlarını desələr də, Hərbi
Polisin mətbuat xidməti “araşdırmanın başlandığını, erməni hərbi
qulluqçularının səlahiyyətlərini aşaraq qanunu pozduqları
müəyyənləşdiyi təqdirdə günahkarların cəzalanacağını” bəyan
edib.
Beləliklə, rəsmi İrəvan snayper atəşinin döyüş tapşırığı
olduğunu etiraf edib.
4 erməni hərbçisinin həlak olduğu, 8 erməninin də yaralandığı
“Qisas” əməliyyatından sonra Ermənistan XİN-i rəsmi Bakını
suçlayıb.
Ermənistan rəhbərliyinin baş verənlərə adekvat münasibətinin
olmaması təəccüblü deyil. Baş nazir Nikol Paşinyan administrasiyası
sülh sazişinin imzalanmasına yönəlmiş prosesi maksimum dərəcədə
uzatmaq, Avropa İttifaqının və ya Fransanın prosesdə mütləq şəkildə
vasitəçi, moderator və ya “təhlükəsizliyin təminatçısı” rolunda
çıxış etməsinə çalışır.
Avropa İttifaqının Ermənistandakı Müşahidə-Monitorinq
Missiyasının (EUMA) mənsublarının sürəkli olaraq şərti dövlət
sərhədinə yollanmaları, müşahidə adı ilə orada vizual kəşfiyyat
aparmaları, belə “binokl diplomatiyası” vasitəsilə rəsmi Bakıya
hansısa formada təsir edəcəklərini düşünməsi ciddi narahatlıq
doğuran hadisələrdir. EUMA missiyasının fəaliyyəti bölgədə sülh və
stabilliyin bərqərar olmasına yox, Ermənistanı düşünülməmiş,
isterik, fəsadları İrəvan üçün çox ağır ola biləcək siyasətə sövq
etməyə yönəlib.
EUMA real monitorinqlə də məşğul olmur, çünki məhz bu saxta
missiyasının fəaliyyət zonasında Çexiya vətəndaşı şərti dövlət
sərhədini qanunsuz şəkildə keçməyə və Azərbaycan ərazisində
kəşfiyyat aparmağa cəhd göstərmişdi.
Görünən budur ki, Fransa və Avropa İttifaqının belə davranışları
bölgədə proseslərin gərginləşməsinə, süni eskalasiyaya
hazırlıqdır.
Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqının xarici
siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep
Borrel, habelə Avropa İttifaqının Siyasi Şurasının sədri Şarl Mişel
və digərlərinin bəyanatlarına, dəstək vədlərinə və son siyasi
qərarlarına aldanan Ermənistan ciddi səhvə yol verir.
Vəziyyətin gərginləşəcəyi təqdirdə Qərb siyasətçiləri,
dövlətləri və təşkilatları Ermənistana arxa durmayacaqlar.
Avropa İttifaqı Ermənistandakı EUMA missiyasının tərkibini
artırmaq barədə qərar qəbul etsə də, Cənubi Qafqazdakı regional
təhlükəsizlik sistemi ilə sülhün bərqarar olması üçün hazırlanan
konstruksiya artıq ağır zərbələr alıb.
Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalkonun XİN-ə çağırılması
və ona nota verilməsi isə EUMA-nın fəaliyyətinin Bakını ciddi
narazı saldığını göstərir.
Əsası isə odur ki, Aİ-nin bəyanatları, Şarl Mişel və Jozep
Borrelin ermənilərə dəstək ruhlu son açıqlamaları Bakını əsla
narahat etmir.
Hadisələrin bundan sonrakı cərəyan məcrasını təxminləsək, Qərbin
ciddi reaksiyası olmayacaq.
Tvitlər, “narahatlıq və qayğılanmağın izharı”nın yer aldığı
açıqlamalar, “Azərbaycanla Ermənistanın təmkinli davranışa və güc
tətbiqindən çəkinməyə çağırış”a yönələn bəyanatlar yenə olacaq.
Amma 4 erməninin həlak olması, 8 erməninin də yaralanması Qərbi
hərəkətə gətirməyəcək.
Avropa İttifaqına, ABŞ-a və Fransaya ifrat dərəcədə güvənən,
Cənubi Qafqazda yeni eskalasiyaya sürükləndiyini anlamasına rəğmən
aldığı təlimatları icra edən, sülh danışıqları süni şəkildə uzadan
Ermənistan yeni gərginliyə səbəb olarsa meydanda tək qalacaq.
İrəvan, əfsuslar olsun, bunu dərk etmir.





























