Bakı. Trend:
Bu gün Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi” ilə bağlı
ittiham olunan Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və
Elçin Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Trend xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal
Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa
çatdığı elan olunub.
Prokuror çıxış edərək məhkəmədən Ruslan Mikayılov və Sənan
Maşıyevin 9 il 10 ay, Cabir Qəhrəmanovun 8 il 5 ay, Elçin Əliyevin
isə 7 il 8 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkmişlərdən biri prokurorun çıxışına etirazını
bildirib.
Proses mayın 14-də davam etdiriləcək.
Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda
“Tərtər işi” ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə
bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi
qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum
edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr
müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz
azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan
qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza),
341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən
sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli
sürülüb.





























