Advertisement

Təhsil müəssisəsində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Bakı. Trend:

Sumqayıt şəhər “Evdə” fərdi təhsil məktəbində yol verilən
qanunsuzluqlar barədə vətəndaş müraciəti əsasında şəhər
prokurorluğunda araşdırma aparılıb.

Sumqayıt şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə,
araşdırma zamanı həmin təhsil müəssisəsinin vəzifəli şəxsləri
tərəfindən 2018-ci ilin sentyabr ayından 2023-cü ilin sentyabr
ayınadək olan müddətdə faktiki olaraq əmək funksiyalarını icra
etməyən müəllimlər tərəfindən tədrisin aparılmasına dair rəsmi
sənədlərə bilə-bilə yalan məlumatların daxil edilərək əsassız
olaraq əmək haqqı ödənilməsi və digər yollarla ümumilikdə 250 min
manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf olunmasına
əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin
179.3.2 (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı)
maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.