Bakı. Trend:
Küveyt Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Türkiyədə
rəsmi səfərdədir.
Trend xəbər verir
ki, səfər çərçivəsində tərəflər arasında iqtisadiyyat, ticarət,
tikinti, səhiyyə, turizm, enerji və müdafiə sənayesi sahələrində
mövcud əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə yeni
müqavilələr imzalanacaq.
İki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 60-cı
ildönümündə həyata keçirilən səfər 2023-cü il dekabrın 16-da
vəzifəsinin icrasına başlayan Küveyt Əmirinin qeyri-ərəb ölkəsinə
ilk rəsmi xarici ziyarətidir. Bu, eyni zamanda yeddi illik
fasilədən sonra Küveytdən Türkiyəyə əmir səviyyəsində ilk
səfərdir.
Türkiyə və Küveyt rəsmiləri arasında keçiriləcək görüşlərdə
ikitərəfli əlaqələr, o cümlədən ticarət, müdafiə sənayesi, turizm
və investisiya kimi mühüm sahələr, eləcə də İsrail-Fələstin
qarşıdurması başda olmaqla regional məsələlər müzakirə
olunacaq.
Ötən il Küveytlə Türkiyə arasındakı ticarət həcmi təxminən 700
milyon ABŞ dolları təşkil edib. Hazırda əməkdaşlığın
diversifikasiyası, yeni əməkdaşlıq mexanizmləri vasitəsilə
qarşılıqlı ticarət və investisiyaların artırılması qarşıya məqsəd
qoyulub.
Küveyt Xəbər Agentliyinin (KUNA) məlumatına əsasən, hazırda
Türkiyədə 400-dən çox Küveyt şirkəti, Küveytdə isə 50-yə yaxın türk
şirkəti fəaliyyət göstərir. Bunların əksəriyyəti inşaat sektorunu
əhatə edir. Bu günə qədər Türkiyənin Küveytdə bu sahə üzrə həyata
keçirdiyi layihələrin dəyəri 9,2 milyard dollara, Küveytin
Türkiyəyə yatırdığı birbaşa investisiyaların dəyəri isə 2 milyard
dollara çatıb.
Türkiyə Küveyt vətəndaşlarının turizm, müalicə və daşınmaz əmlak
investisiyaları üçün ən çox üstünlük verdiyi ölkələrdəndir. Küveyt
vətəndaşları Türkiyədə daşınmaz əmlak alan əcnəbilər arasında ilk
onluqdadır.





























