Advertisement

Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək – BU TARİXDƏ

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi fevralın 18-də doktorantura,
dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş
iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı
keçirəcək.

DİM-dən Trend-ə verilən məlumata görə, imtahanda 309 iddiaçı
iştirak edəcək.

302 nəfər ingilis dili, 3 nəfər fransız dili, 4 nəfər isə alman
dili üzrə imtahan vermək üçün qeydiyyatdan keçib. İmtahan Bakı və
Naxçıvan şəhərlərində keçiriləcək. İmtahan saat 11:00-da başlanır.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış
rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına
buraxılmır.

İddiaçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– şəxsiyyəti təsdiq edən sənədin əsli;

– “İmtahana buraxılış vərəqəsi”.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək
lazımdır.

İmtahanın müddәti 2 saat 30 dәqiqәdir. İmtahan müddәtinin ilk 1
saat 30 dәqiqәsi test tapşırıqlarının cavablandırılmasına, son 1
saatı isә yazılı tapşırığın yerinә yetirilmәsinә (vizual mәlumatın
yazılı tәsviri üçün ) ayrılır.

İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, cavab
kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunur. Ona görə də
optik qurğuların tələblərinə əsasən, cavab kartını qara vә ya tünd
göy rәngdә yazan mürәkkәb axıtmayan diyircәkli qәlәmlә, yaxud tünd
rəngdə yazan sadә karandaşla doldurmaq lazımdır. Cavablar üçün
nəzərdə tutulmuş dairələrin içi göstərilən növ qələmlərlə və ya
karandaşla tam qaralanmalıdır. Apellyasiya müraciətləri zamanı
təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən
cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə
nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin
qaralanması və s.) baxılmayacaq. Bununla bağlı tövsiyə olunur ki,
cavab kartında cavabları tam əmin olduqdan sonra qeyd edin və ya
cavab kartında imtahan bitənədək hər hansı düzəliş etmək imkanının
olması üçün dairələri karandaşla qaralayın.

İmtahanın keçirilməsi üçün 2 imtahan bina, 4 imtahan rəhbəri, 2
ümumi imtahan rəhbəri, 31 nəzarətçi, 4 buraxılış rejimi əməkdaşı
(mühafizə) ayrılıb.

Qeyd edək ki, fevralın 18-də keçirilən imtahan dinləyib-anlama,
oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və
yazı bloklarından ibarət olacaq. Bu imtahanda iştirak etməyən
iddiaçılar danışıq bloku üzrə imtahana buraxılmırlar. Danışıq bloku
üzrə imtahan 4 mart tarixində keçiriləcək. Danışıq bloku üzrə
imtahanda iştirak etməyən iddiaçılar ilk 4 blok üzrə 30 bal və daha
yüksək nəticə göstərsələr belə, şəhadətnamə ilə təmin
olunmayacaqlar.

Həm xarici dil üzrə fəlsəfə doktoru imtahanlarında, həm də
əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə
fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər bir
test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv
cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Vizual
məlumatın təsviri və danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala
üzrə qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək
maksimal bal 50-yə bərabərdir. Dinləyib-anlama, oxuyub-anlama,
dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq
blokları üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici
dil üzrə fəlsəfə doktoru imtahanından azı 30 bal toplamış
iddiaçılar və əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru
imtahanından azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə
qoyulan tələbi ödəmiş hesab edilirlər.

Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə
fəlsəfə doktoru imtahanı fevralın 19-da, danışıq bloku imtahanı isə
martın 4-də keçiriləcək.