Bakı. Trend:
Son günlər ölkəmizdə müşahidə olunan qeyri-sabit və yağmurlu
hava şəraitindən sonra cənub zonasında olan lokal sürüşmə
zonalarında aktivlik müşahidə olunur.
Bunu Trend-ə
açıqlamasında Milli Geoloji Kəşfiyyat Agentliyinin rəisi Əli Əliyev
bildirib.
O bildirib ki, yağışlardan sonra cənub zonasında Lənkəran,
Astara və Lerik rayonları ərazisində 12 lokal sahədə aktiv faza
müşahidə olunur.
“Yaz aylarında intensiv atmosfer çöküntülərinin baş verməsi
sürüşməyə meyilli sahələrdə bu prosesin aktivləşməsinə təsir
göstərir. Baxmayaraq ki, həmin ərazilər üçün bu sürüşmələr geoloji
mənada xarakterikdir. Böyükhəcmli proseslər hələ ki, baş verməyib”,
– o deyib.
Agentliyinin rəisi əlavə edib ki, Bakının ən təhlükəli
saydığımız Bayıl və Badamdar yaylasında vəziyyət stabil xarakter
daşıyır.
“Həmin sürüşmə yerlərində Fövqəladə Hallar Nazirliyi və digər
qurumlar tərəfindən müəyyən bərkitmə tədbirləri də görülür. Lakin
müəyyən qədər aktivlik Nübar, Masazır və Zığ-1 massivlərində
müşahidə edilir. Ümumilikdə bəzi zonaları çıxmaq şərtilə,
Azərbaycanın sürüşmə zonalarında vəziyyət nisbi stabildir.
Ölkəmizdə 99 lokal sürüşmə sahəsi var. Lakin son bir neçə ildə
yeni 46 sürüşmə zonası yaranıb. Agentlik tərəfindən həmin zonalarda
monitorinq aparılır, koordinatları müəyyənləşdirir, xəritəyə əlavə
edilir və monitorinq şəbəkəsinə daxil edilir”, – deyə Ə. Əliyev
qeyd edib.





























