
Bakı. Trend:
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının
101-ci ildönümüdür.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın
Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji
Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun
(indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsinə
daxil olmuş, lakin İkinci dünya müharibəsinin başlanması ilə
əlaqədar təhsili yarımçıq qalmışdır.
Heydər Əliyev 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər
Komissarlığında şöbə müdiri və Xalq Komissarları Sovetində məsul
vəzifələrdə çalışmış, 1944-cü ildən isə dövlət təhlükəsizliyi
orqanlarında işə göndərilmişdir. Leninqrad (indiki Sankt-Peterburq)
və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə
Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il çalışan Heydər
Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət
Təhlükəsizliyi Komitəsinin sədr müavini, 1967-ci ildən sədri
vəzifələrində işləmiş və general-mayor rütbəsinə yüksəlmişdir.
Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
1969-cu il iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri
olmuşdur.
1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi
Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi
Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə işləyərkən
Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən
mühüm sahələrinə rəhbərlik etmişdir.
Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali
Sovetlərinin deputatı olmuş və beş il SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini vəzifəsində çalışmışdır.
1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası
Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail
Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu
vəzifələrdən istefa vermişdir.
Heydər Əliyev 1990-cı il yanvarın 20-də sovet qoşunlarının
Bakıda törətdiyi qanlı faciənin ertəsi günü Azərbaycanın Moskvadakı
nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı
törədilmiş cinayətin təşkilatçıları və icraçılarının
cəzalandırılmasını tələb etmişdir. SSRİ rəhbərliyinin ikiüzlü
siyasəti nəticəsində Dağlıq Qarabağda yaranan kəskin münaqişə
vəziyyətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet
İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk
əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də
Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. 1991-1993-cü illərdə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan
Respublikasının Ali Məclisinin sədr müavini vəzifələrində
çalışmışdır. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan
Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında
partiyanın sədri seçilmişdir.
1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə
kəskinləşməsi nəticəsində ölkədə vətəndaş müharibəsinin baş verməsi
və müstəqilliyin itirilməsi təhlükəsi yarananda Azərbaycan xalqı
Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və
Azərbaycanın o dövrkü rəhbərliyi Heydər Əliyevi Bakıya dəvət etməli
oldu.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin
sədri seçilmiş, iyulun 24-də isə Milli Məclisin qərarı ilə
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata
keçirməyə başlamışdır.
Heydər Əliyev 1993-cü il oktyabrın 3-də keçirilən səsvermə
nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
1998-ci il oktyabrın 11-də keçirilmiş seçkilərdə o, yenidən
Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Öz
namizədliyinin növbəti prezident seçkilərində irəli sürülməsinə
razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə bağlı
2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə iştirakdan imtina
etmişdir.
Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın
12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat etmiş,
dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur.
Artıq Azərbaycanın müstəqillik tarixində Ulu öndər Heydər
Əliyevin əziz xatirəsi ölkəmizin ərazi bütövlüyü şəraitində anılır.
Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı qələbəsi məhz
Ümummilli Lider Heydər Əliyevin ölkəyə yenidən rəhbərliyə qayıtdığı
vaxtdan başlanılan genişmiqyaslı dövlətçilik, quruculuq,
iqtisadiyyatın inkişaf etdirilməsi, ordunun gücləndirilməsi
işlərindən başlayıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi
ilə torpaqlarımızın işğaldan azad edilməsi çoxəsrlik Azərbaycan
tarixinin çox şərəfli səhifəsidir. Bu Zəfər Ulu öndər Heydər
Əliyevin müstəqil dövlətçilik ideallarının böyük təntənəsidir.





























