Advertisement

Heydər Əliyev müstəqil Azərbaycanın təhlükəsizliyi üçün əlverişli beynəlxalq fonu təmin etdi – Baş nazir

Bakı. Trend:

Azərbaycanda milli, müstəqil dövlət quruculuğunun Heydər Əliyev
strategiyası zamanın sınağından çıxıb və özünü doğruldub. Prezident
İlham Əliyevin daim bəyan etdiyi kimi, ölkəmizi irəliyə aparan da
onun xatirəsinə hörmət və mirasına olan münasibətdir. Heydər Əliyev
iki müxtəlif ictimai-siyasi formasiyada Azərbaycana rəhbərlik edib
və hər ikisində də doğma xalqının mənafeyi naminə misilsiz
fədakarlıqlar göstərib, respublikamızın şöhrətini, nüfuzunu
yüksəklərə qaldırıb.

Trend xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov
“Azərbaycan” qəzetinə müsahibəsində deyib.

Baş nazir qeyd edib ki, sovet hakimiyyəti dövründə ali siyasi
rəhbər kimi Ulu Öndər milli qürur hissinin güclənməsini, milli
şüurun yüksəlməsini sosial-iqtisadi və mədəni həyatın bütün
sahələrində vüsətli inkişafın təkanverici qüvvəsi kimi götürərək
onu böyük bir cəsarətlə hərəkətə gətirməyi bacarmışdı.

“Həmin dövrdə respublikada bərqərar edilən əsl işgüzarlıq
mühiti, sosial ədalətə əsaslanan sağlam mənəvi-psixoloji ab-hava
iqtisadi tərəqqinin yüksək həddə çatmasına, Azərbaycanın keçmiş
ittifaq miqyasında xüsusi nüfuz qazanmasına, hətta beynəlxalq
səviyyədə tanınmasına imkan vermişdi. Əminliklə deyə bilərik ki,
indiki siyasi və iqtisadi müstəqilliyimiz, respublikamızın
beynəlxalq münasibətlər sisteminə və dünya iqtisadiyyatına
inteqrasiyası ötən əsrin yetmiş-səksəninci illərində Heydər Əliyev
tərəfindən qoyulmuş potensiala əsaslanır.

Müstəqillik dövründə isə Ulu Öndərin müəyyənləşdirdiyi daxili və
xarici siyasət, iqtisadi islahatlar xətti bu günədək özünü
doğruldur və gələcəkdə də belə olacaqdır. Heydər Əliyevin
azərbaycançılıq ideyası ölkədə ictimai sabitliyi, milli birliyi,
xalq-hakimiyyət həmrəyliyini təmin edib. Tətbiq etdiyi xarici
siyasət prinsipləri ölkəni ən ağır zamanlarda beynəlxalq
ziddiyyətlər burulğanlarından itkisiz ötüşdürə bilib. Ulu Öndərin
müxtəlif iqtisadi və siyasi güc mərkəzləri ilə milli maraqlara
uyğun münasibətlər qurması, ölkəmizi qlobal qarşıdurmalar deyil,
əməkdaşlıq məkanı kimi tanıtması onu müasir tarixin ən ağır
mərhələsinin sarsıdıcı zərbələrindən qoruyub.

Ötən əsrin səksəninci illərinin sonunda Heydər Əliyevin siyasi
hakimiyyətdən kənarda qaldığı 1988-1993-cü illər ölkəmizin və
xalqımızın ən ağır illəri oldu. Həm daxili siyasətdə, həm xarici
siyasətdə, həm iqtisadiyyatda, həm də Ermənistanın təcavüzü ilə
əlaqədar hərbi sahədə dərin böhran hökm sürürdü. Yenidən siyasi
hakimiyyətə qayıdan Ulu Öndər 1993-1995-ci illərdə ümumi böhranın
üç tərkib hissəsinin – daxili siyasi, xarici siyasi və hərbi
böhranın genişlənməsinin qarşısını aldı. Ölkədə daxili sabitlik
yaratdı, xarici siyasi əlaqələri yenidən qurmağa başladı və
müstəqil Azərbaycanın təhlükəsizliyi üçün əlverişli beynəlxalq fonu
təmin etdi.

Hərbi böhranın dərinləşməsinin nəinki qarşısı alındı, hətta
1994-cü ilin əvvəllərində uğurlu əks-hücum əməliyyatı keçirilərək,
Füzuli rayonunun Horadiz qəsəbəsi, 21 kəndi, Cəbrayıl rayonunun
Cocuq Mərcanlı kəndi düşməndən geri alınaraq, ilk hərbi qələbə əldə
olundu və az sonra isə atəşkəs sazişi imzalandı ki, bu da
Azərbaycana səfərbər olmaq, güc toplamaq və müasir ordu
quruculuğuna başlamaq imkanı verdi. Ümumi böhranın üç tərkib
hissəsinin aradan qaldırılması nəticəsində iqtisadi böhranın
dərinləşməsi dayandırıldı, köklü islahatlar vasitəsilə davamlı
iqtisadi dirçəlişin təməli qoyuldu”, – deyə Ə.Əsədov bildirib.