Advertisement

Azərbaycan və Ermənistan birgə səylərlə sərhəddə minatəmizləmə işləri aparır – Nazir

Bakı. Trend:

Sərhəddəki ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycan
Ermənistanla birgə çalışır.

Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri
Ceyhun Bayramov Ermənistan və Qazaxıstan XİN rəhbərləri ilə
üçtərəfli görüşdə deyib.

“Ermənistan-Azərbaycan dövlət sərhədinin müəyyən hissəsinin
delimitasiyası prosesinin əsasını qoyan protokolun imzalanması
faktı son danışıqların mühüm elementidir. Bu protokol 19 aprel
2024-cü ildə delimitasiya məsələləri üzrə müvafiq komissiyaların
sədrləri tərəfindən imzalanıb. Bu protokolun müddəalarına uyğun
olaraq işçi qruplarının, ekspert qruplarının müəyyən edilmiş
müddətdə və çərçivədə işlərini həyata keçirmələri sevindirici
faktdır”, – deyə o bildirib.

Nazir qeyd edib ki, qısa müddətdə böyük işlər görülüb:

“Birgə səylərlə müvafiq sahələrin minalardan təmizlənməsi işləri
aparılıb, coğrafi koordinatlar dəqiqləşdirilib və bu bölgədə sərhəd
dirəklərinin quraşdırılması praktiki olaraq başa çatdırılıb”.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Almatı şəhərində
səfərdədir. İki ölkə arasında “Sülhün və dövlətlərarası
münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi
üzrə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin
danışıqlarının növbəti raundu keçirilir.