
Bakı. Trend:
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya
fakültəsinin Fəlsəfə kafedrasının professoru, fəlsəfə üzrə elmlər
doktoru Əziz Məmmədov vəfat edib.
Bu barədə Trend-ə Universitetdən məlumat verilib.
Əziz Məmmədov 1939-cu ildə anadan olub. 1955-ci ildə orta
məktəbi qızıl medalla bitirib, təhsilini BDU-nun Fizika
fakültəsində davam etdirib. 1967-ci ildə “Müasir fizikada
məkan-zaman problemi” mövzusunda dissertasiya müdafiə edərək,
fəlsəfə elmləri namizədi, 1994-cü ildə fəlsəfə elmləri doktoru elmi
dərəcəsi alıb. Əziz Məmmədov 1965-ci ildən BDU-nun Fəlsəfə
kafedrasında işləyib, 1995-ci ildən kafedranın professoru olub.
Fizika, təbiətşünaslığın fəlsəfi problemləri, dialektika və idrak
nəzəriyyəsi, idrak nəzəriyyəsi və metodologiya, sinergetika və
məntiqşünaslıq üzrə görkəmli mütəxəssis olub. O, 43 irihəcmli
monoqrafiya və dərsliyin, 400-dən artıq elmi məqalənin müəllifi
idi. Əziz Məmmədov elmlər namizədi və elmlər doktorluğu üzrə
yazılmış 18 dissertasiyanın elmi rəhbəri olub.





























