
Bakı. Trend:
Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim
edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya
onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Burada,
bu torpaqda söz sahibi bizik.
Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşaya
qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi
mərasimində çıxışı zamanı səsləndirib.
“Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Əgər
bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır,
Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik
həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda
hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və
iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz.
Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə
müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik.
İkinci Qarabağ müharibəsindən sonra biz Ermənistana demişik ki,
gəlin, sərhədi ədalətli müəyyən eləyək. Yox, istəmirsinizsə, onda
biz deyəcəyik, harada istəyirik orada da sərhəd olacaq. Neyləyəcək,
kimə zəng edəcək, lap 100 dəfə zəng etsin, nəticəsi nə olacaq? Həm
Azərbaycan xalqına, həm də bu bölgəyə maraq göstərənlərə bir daha
demək istəyirəm ki, bizimlə hesablaşmadan burada bir addım da
atılmamalıdır bundan sonra. Əminəm ki, mənim sözümü eşidirlər,
bilirlər mən nəyi deyirəmsə, onu da edirəm”, – Prezident İlham
Əliyev bildirib.





























