Advertisement

Aprelin 14-də keçirilən imtahanların nəticələri elan olunub

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 14 aprel 2024-cü il
tarixində keçirilən imtahanların nəticələri elan edilib.

Trend DİM-ə istinadən xəbər verir ki, nəticələri elan olunan
imtahanlar aşağıdakılardır:

1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi,
V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil
bazasında kolleclərə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli
dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə
xarici dil imtahanı;

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli
dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili
imtahanı;

4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında üzrlü
səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət
edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada
iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə
bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI
sinif məzunları üçün buraxılış imtahanı.

1, 2 və 3-cü kateqoriyaya aid olan abituriyentlər imtahan
nəticələrini verilən keçiddən https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=93
öyrənə bilərlər.

4, 5, 6-cı kateqoriyaya aid olan şəxslər isə imtahana
nəticələrini öyrənmək üçün bu keçiddən https://eservices.dim.gov.az/2023/netorta/?frm=egov
istifadə etməlidirlər.

Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı
(hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell,
Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu
7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Bu imtahanlarında iştirakı nəzərdə tutulan 34481 nəfərdən 2758
nəfər imtahana gəlməyib. 12 nəfər isə tələb olunan qaydaları
pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İmtahanda ən yüksək nəticəni 296,9 bal toplayan Laçın rayonu,
Alxaslı kənd orta məktəbin 2022-ci il məzunu göstərib. Xatırladaq
ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də
Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya
Komissiyasına müraciət etmək istəyənlər 14 may saat 10:00-dan 16
may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə
bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər
sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.
Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi
seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın
hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron
ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul
edilmir və həmin müraciət araşdırılmır.

Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

  • Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan
    bütün işlər araşdırılır;

  • İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə
    ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə
    edilir

  • İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri
    telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı
    “sms” göndərilir.

Bundan sonra şagirdlər (abituriyentlər) apelyasiya.dim.gov.az
saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış
ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş
cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi
nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda
iki dairənin qaralanması və s.) bağlı müraciətlərə
baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər
(abituriyentlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı
səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir
açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə, həmçinin
tapşırıqların şərti və izahlarla (https://eservices.dim.gov.az/ejurnal/) tanış
ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya
üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab
verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə
şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər.
İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tip
müraciətlərə baxılmayacaq.