
Bakı. Trend:
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində
məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə
Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın
növbəti iclası Xankəndi şəhərində keçirilib.
Trend xəbər verir
ki, iclas iştirakçıları Ümummilli Lider Heydər Əliyevin anadan
olmasının 101-ci ildönümü münasibətilə Ulu Öndərin əziz xatirəsini
ehtiramla yad ediblər. Qərargah rəhbəri açılış nitqində bildirib
ki, Ulu Öndər Xankəndi şəhərinin inkişafına xüsusi diqqət yetirib.
Qeyd edilib ki, Xankəndidəki binaların əksəriyyəti, o cümlədən
bugünkü iclasın keçirildiyi Azərbaycan Respublikası Prezidentinin
Xüsusi Nümayəndəliyinin yerləşdiyi bina da məhz Ümummilli Lider
Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə inşa edilib.
Qərargahın rəhbəri Ulu Öndər Heydər Əliyevin siyasi irsinin
layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü müdrik
siyasətin nəticəsində Azərbaycanın tarixi Qələbə qazandığını və
ərazi bütövlüyünün və suverenliyinin hərbi-siyasi yolla tam bərpa
edildiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.
Qərargahın rəhbəri bildirib ki, dövlətimizin başçısının
rəhbərliyi ilə azad edilmiş bütün ərazilərdə, o cümlədən lokal
antiterror tədbirlərindən sonra suverenliyin bərpa edildiyi
ərazilərdə sürətli bərpa-quruculuq işləri davam etdirilir və ilin
sonunadək köç qrafikinə uyğun müvafiq yaşayış məntəqələrinə
əhalinin geri qayıdışı nəzərdə tutulur.
Dövlətimizin başçısının verdiyi tapşırıqlara uyğun olaraq,
işğaldan azad edilmiş ərazilərdə müasir infrastrukturun
yaradılması, o cümlədən ərazilərin milli iqtisadiyyata sürətli
reinteqrasiyası və dayanıqlı inkişafının təmin olunması
istiqamətində çoxşaxəli layihələrin həyata keçirildiyi bildirilib.
Bununla yanaşı, Qərargah rəhbəri qeyd edib ki, görülən kompleks
tədbirlər geri qayıdan əhalinin layiqli yaşayış şəraitinin
yaradılmasına və rifah halının yüksəldilməsinə xidmət edir.
Daha sonra iclasın gündəliyinə uyğun olaraq, Əlaqələndirmə
Qərargahının İdarələrarası Mərkəzinin fəaliyyəti, “Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa
dair I Dövlət Proqramı”nın icrası çərçivəsində Qarabağ və Şərqi
Zəngəzur iqtisadi rayonlarında məşğulluğun və məskunlaşmanın təmin
edilməsi, iqtisadi aktivliyin və sahibkarlıq fəaliyyətinin
stimullaşdırılması, kənd təsərrüfatı sahəsində, yaşayış
məntəqələrinin yenidən qurulması və bərpası üzrə görülən işlər
barədə məruzələr dinlənilib. Bundan əlavə, həmin ərazilərdə sosial
infrastrukturun, o cümlədən səhiyyə və təhsil müəssisələrinin
tikintisi və işinin təşkilinə dair məlumatlar təqdim edilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan
Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin fəaliyyəti
çərçivəsində görülən işlər və qarşıda duran vəzifələr barədə
Prezidentin xüsusi nümayəndəsi çıxış edib.
Qərargahın rəhbəri işğaldan azad olunmuş ərazilərə bu ilin
sonunadək 27 yaşayış məntəqəsi üzrə geri qayıdacaq əhalinin sayının
ümumilikdə 25 min nəfərdən çox olacağını və növbəti illərdə bu
rəqəmin getdikcə artacağını diqqətə çatdıraraq, “Böyük Qayıdışa
dair I Dövlət Proqramı” çərçivəsində görülən işlərin keyfiyyətli,
vaxtında və əlaqələndirilmiş şəkildə icrasının vacibliyini xüsusi
vurğulayıb.
İclasın sonunda Azərbaycan Respublikasının Prezidenti tərəfindən
qarşıya qoyulan vəzifələrin icrasından irəli gələrək müvafiq
tapşırıqlar verilib.
İclasdan sonra Xankəndi və Xocalı şəhərlərində, həmçinin Əsgəran
qəsəbəsində müvafiq ərazilərə və bir sıra obyektlərə baxış
keçirilib.





























