Advertisement

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə
əlaqədar əhaliyə müraciət edib.

Nazirlikdən Trend-ə bildirilib ki, ETSN-in Milli
Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində
ölkə ərazisində qeyri-sabit hava şəraitinin müşahidə olunacağı,
ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü yağış
yağacağı, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi, güclü
külək əsəcəyi və şimşək çaxacağı gözlənilir.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə
müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq
təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

“Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və
seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq
durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə
qalxmaq tövsiyə olunur.

Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və
müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq,
elektrik dirəyi və naqillərinin, hündür ağacların altında
dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən
yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə
alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət
edilməlidir.

İldırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını
şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.)
danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü,
navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında
daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə
olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın
bitməsini gözləmək tövsiyə edilir”, – nazirlikdən bildirilib.