
Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev
A.M.Cəfərova Azərbaycan Respublikasının ədliyyə naziri vəzifəsinin
müvəqqəti icrasının həvalə edilməsi haqqında sərəncam
imzalayıb.
Trend onun dosyesini təqdim edir:
Azər Məmməd oğlu Cəfərov 1954-cü ildə Zərdab şəhərində anadan
olub.
O, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini, Bakı
Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib, Rusiya Elmlər
Akademiyasının Dövlət və hüquq institutunun doktorantı olub.
Hüquqşünas kimi əmək fəaliyyətinə Vəkillər Kollegiyasının üzvü
(vəkil) kimi başlayıb, 1982–1986-cı illərdə Ədliyyə Nazirliyinin
aparatında böyük məsləhətçi, Məhkəmə orqanları idarəsində şöbə
rəisi vəzifələrində işləyib.
1986-cı ildə prokurorluq orqanlarına keçirilib, Bakı şəhər və
respublika prokurorluqlarının cinayət işləri üzrə məhkəmə
qərarlarının qanuniliyinə nəzarət şöbələrinin prokuroru, Bakı şəhər
prokurorluğunda həmin şöbənin rəisi, 1992–2000-ci illərdə isə Bakı
şəhəri Binəqədi və Nərimanov rayonlarının prokuroru, sonra Baş
Prokurorluğun hüquqi təminat şöbəsinin rəisi vəzifələrində
çalışıb.
2004-cü ildə Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş
idarəsinin rəisi və nazirliyin Kollegiyasının üzvü, 2012-ci ilin
iyul ayında ədliyyə nazirinin müavini təyin edilib. II dərəcəli
dövlət ədliyyə müşaviridir.
2005-ci ilin fevralından, həmçinin, Məhkəmə-Hüquq Şurasının
üzvüdür, Dünya Bankı ilə birgə həyata keçirilən “Ədliyyə sisteminin
müasirləşdirilməsi” layihəsinə rəhbərlik edir.
Məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi problemləri üzrə
Azərbaycan-Avropa Şurası İşçi qruplarının həmsədri, Avropa
Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyasının
(CEPEJ) üzvü kimi ölkəmizin məhkəmə sisteminin Avropa
standartlarına uyğunlaşdırılması məsələləri ilə məşğul olmuş,
müxtəlif vaxtlarda ədliyyə, məhkəmə və prokurorluq orqanlarının
fəaliyyətini tənzimləyən və sair qanunvericilik aktlarının
hazırlanmasında yaxından iştirak edib.
Beynəlxalq Prokurorlar Assosiasiyasının, Beynəlxalq
Antikorrupsiya Orqanları Assosiasiyasının üzvüdür. BMT-nin
cinayətkarlığa qarşı mübarizəyə həsr olunmuş 11-ci (2005-ci il) və
12-ci (2010-cu il) konqreslərində Azərbaycan Hökumətinin nümayəndə
heyətinin tərkibində ölkəmizi təmsil edib.
Hüquq elmləri doktorudur. “Azərbaycan prokurorluğu: islahatlara
qədər və sonra. İslahatların əsasları”, “Avropa Şurası demokratik
cəmiyyətdə prokurorluğun roluna dair”, “Azərbaycan Respublikası
prokurorluq orqanlarının islahatı problemləri” və s. nəşrlərin,
beynəlxalq və milli qanunvericilik üzrə suallar və cavablar
toplusunun, çoxsaylı elmi və publistik məqalələrin müəllifidir.
Azərbaycan Respublikasının əməkdar hüquqşünasıdır, “Dövlət
qulluğunda fərqlənməyə görə” Azərbaycan Respublikası medalı,
“Azərbaycan Ədliyyəsinin 90 illiyi” xatirə medalı, Rusiya Vəkillər
Gildiyasının “Fayda, şərəf və şöhrət” ordeni, “Prokurorluğun fəxri
işçisi” döş nişanı və prokurorluğun fəxri fərmanı ilə təltif
edilib.
Evlidir, iki övladı var.





























