Bakı. Trend:
Mayın 11-də Lənkəranda saat 17:21-də baş verən maqnitudası 5.3
bal olan zəlzələnin dərinliyi 20 kilometr olduğu üçün ətraf
ərazilərdə, hətta Qarabağda 3 baladək hiss olundu. Ondan sonra
xırda təkanlar oldu. Afterşoklar içərisində ən böyüyün maqnitudası
4.4 bal oldu və hiss edildi. Çox güclü, dağıdıcı deyildi. Asta-asta
enerji boşalması getdi. Hazırda sakitlikdir.
Trend xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası
nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru
Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.
“Orta gücdə olan zəlzələ idi. Episentrdə 6 bal olması
nəticəsində çay daşları ilə keyfiyyətsiz tikilən bəzi evlərdə
çatlar qeydə alındı”, – deyə Q.Yetirmişli deyib.
Qeyd edək ki, mayın 11-də Lənkəranda 5,3 bal gücündə zəlzələ
olub. Ocağı 20 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 6
bala yaxın, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Astara, Neftçala,
Masallı, Biləsuvar, Saatlı, Salyan, Beyləqan, İmişli, Füzuli və
digər rayonlarda 5-3 bala qədər hiss olunub.





























