
Bakı. Trend:
Mayın 13-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil
Kərimli ilə “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024”
ilinin rəsmi açılış mərasimi çərçivəsində ölkəmizdə səfərdə olan
Maldiv Respublikasının dhivehi dili, mədəniyyət və irs naziri Adam
Nasir İbrahim arasında ikitərəfli görüş keçirilib.
Trend xəbər verir ki, nazir Adil Kərimli “Şuşa – İslam
dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi açılış
mərasimində iştirakına görə qonağa təşəkkürünü bildirib.
Azərbaycanın Şuşa şəhərinin tarixi-mədəni zənginliklərindən söz
açan nazir, bu qədim şəhərin xalqımıza bəxş etdiyi görkəmli
mədəniyyət və ədəbiyyat xadimləri haqqında məlumat verib.
Adil Kərimli bu il Azərbaycanın qlobal əhəmiyyətli bir tədbirə –
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər
Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini
diqqətə çatdırıb. Bildirib ki, COP29-da iqlim dəyişikliyinin
mədəniyyət sahəsinə təsiri, habelə ətraf mühitin qorunmasında
mədəniyyətin rolu məsələləri ilə bağlı xüsusi müzakirələr
aparılacaq.
Maldiv Respublikasının dhivehi dili, mədəniyyət və irs naziri
Adam Nasir İbrahim ölkəmizə səfərindən məmnunluğunu bildirib, “Şuşa
– İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi
açılışının yüksək səviyyədə təşkilinə görə təbriklərini
çatdırıb.
Qonaq nazir ölkəmizlə mədəni əməkdaşlıqda maraqlı olduqlarını
deyib, mədəniyyət günlərinin təşkili ilə bağlı fikir mübadiləsi
aparılıb.





























