
Bakı. Trend:
Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin və bu
prosesin əsasını təşkil edən fundamental prinsiplərin təşəbbüskarı
məhz ölkəmiz olub və sülh müqaviləsinin mətni də Azərbaycan
tərəfindən hazırlanaraq müzakirəyə təqdim edilib.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta
Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun
başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman bildirib.
Dövlət başçısı qeyd edib ki, hazırda sülh gündəliyinin irəliyə
aparılması üçün Azərbaycan ilə Ermənistan arasında danışıqlar
prosesi davam etdirilir.





























