Bakı. Trend:
Qusarda baş vermiş ekoloji hüquqpozmalar və digər
qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.
Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat
verilib.
Ətraf mühitin qorunması və ekoloji vəziyyətin
yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkəmizin dayanıqlı
inkişaf strategiyasının mühüm tərkib hissəsidir və bu məqsədlə
mövcud ekoloji problemlərin aradan qaldırılması, o cümlədən
yaşıllıqların qorunması və bərpası naminə genişmiqyaslı işlər
görülür.
Kompleks tədbirlərin davamı kimi, bu sahədə yol verilən qanun
pozuntularının aşkar olunaraq qarşısının alınması və profilaktikası
daim diqqət mərkəzində saxlanmaqla, təbiətin mühafizəsinin
təkmilləşdirilməsi ilə bağlı prioritetlər üzrə dövlət qurumları, o
cümlədən hüquq-mühafizə orqanları tərəfindən birgə fəaliyyət həyata
keçirilir.
Belə ki, Qusar rayonunda ağacların qanunsuz kəsilməsi barədə
daxil olmuş məlumatlar əsasında Baş Prokurorluqda araşdırma
aparılıb.
Araşdırmalarla, vəzifəli şəxslər tərəfindən səlahiyyətlərindən
sui-istifadə edilərək çoxillik ağaclarla əhatə olunmuş meşə fonduna
aid 22,3 hektar (ha) torpaq sahəsinin təyinatının əsassız şəkildə
dəyişdirilib yaşayış məntəqələrinin torpaqları kimi Qusar şəhər
bələdiyyəsinin balansına verilməsinə, meşə fondunun ziyan və
itkisinin natamam və qeyri-dəqiq hesablanmasına, vəzifə
saxtakarlığına yol verilərək torpaq sahəsinin qanunsuz olaraq
müxtəlif vətəndaşlara satılmasına, habelə torpaq sahələrində
müxtəlif diametrli və cinsli ağacların qanunsuz kəsilməsi
nəticəsində təbiətə külli miqdarda ziyan vurulmasına əsaslı
şübhələr müəyyən edilib.
Qeyd olunanlar hadisə yerinə baxış və istintaq hərəkəti
protokolları, fotoşəkillər, videgörüntülər, müxtəlif dövlət
qurumlarının rəyləri, izahatlar və toplanmış digər sənədlərlə
təsdiq olunub.
Toplanmış material əsasında Cinayət Məcəlləsinin 259.2.4 (külli
miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.1 (vəzifə
səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və
314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə
cinayət işinin başlanıb və ibtidai istintaqın aparılması Baş
prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə
tapşırılıb.
Cinayət işi nəzarətdə saxlanmaqla görülmüş tədbirlər, eləcə də
ibtidai istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətin
məlumatlandırılması təmin ediləcəkdir.





























