Advertisement

DİN-dən kibertalama ilə bağlı ÇAĞIRIŞ

Bakı. Trend:

Kibertalamaya məruz qalma riskləri artır, hər kəs diqqətli
olmalıdır.

Trend xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat
Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev
vətəndaşların sosial şəbəkələrdə məruz qaldığı dələduzluq halları
ilə bağlı suallara aydınlıq gətirib və vətəndaşlara müraciət edib,
faktları sadalayıb.

“Vətəndaşlar, dayanın! Kiber talamaya məruz qalma riskləri
gündən-günə artır! Diqqətli olun, üsullar fərqlidir, sosial
şəbəkələrdə şübhə doğurmayacaq formada cinayətkar fəaliyyət var.
Kiber üsulla hazırlanan nömrələrdən daxil olan şübhəli zənglərə,
mesajlara qarşı tədbirli olun, danışmadan, yazışmadan
bloklayın.

Sizinlə danışan, yazışan Azərbaycan dilində sərbəst danışan
xarici vətəndaş, hətta azərbaycanlı da ola bilər. O da ola bilər
ki, o şəxs sizin haqqınızda tam məlumatlıdır, çünki barənizdə həmin
məlumatları sosial şəbəkə üzərində olan qeydlərdən, yaxud
dostlarınızdan, qohumlarınızdan götürüb.

Şəxsi imkanlarınızı, varınızı, pulunuzu sosial şəbəkələrdə
nümayiş etdirib diqqət çəkməyin. Cinayətkar qruplar tərəfindən
profil və səhifə paylaşımlarınız, rəyləriniz nəzərdən keçirilir.
Dostlarınız vasitəsilə sizi kimsə axtarırsa, ehtiyatlı olun, həmin
şəxslə ünsiyyət yaratmayın.

Kiber cinayətkarlıq – talamalar tək oğurluq əməllərini əhatə
etmir. Sosial şəbəkələrdə dələduzluq halları da geniş vüsət alıb.
Onlarla vətəndaş dələduzluq hallarının qurbanı olub. Təkcə ötən gün
– mayın 13-də baş verən hadisələrə baxaq: Ayrı-ayrı vətəndaşlara
məxsus bank kartlarından aldatma üsulu ilə 9000, 8485, 370, 425,
1482, 350, 165, 1420, 165, 140, 3000, 150, 350, 600, 3100, 360,
2700, 50, 25, 700, 2181 manat, 471 və 1850 ABŞ dolları məbləğində
pul vəsaitləri talanıb.

Faktların təhlili göstərir ki, vətəndaşlar İnstagram, Telegram,
Feysbuk, Tik-Tokda səhifə, kanal və platformalar üzərindən əlavə
gəlir qazanmaq, sığorta ödənişləri, turist səyahətləri, mebel
sifarişi, qızıl satışı, ev-alqı satqısı, kirayə, kredit adı altında
verilən yalan vədlərə inanaraq həmin tələb olunan məbləğləri
başqa-başqa bank hesablarına köçürüblər. Sonradan həmin hesablar,
linklər, telefon nömrələri dərhal qapadılıb”, – DİN rəsmisi qeyd
edib.