
Bakı. Trend:
Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli ATƏT-in
fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri İan Borqa
məktub göndərərək, ATƏT-i Ermənistandan qovulmuş azəraycanlıların
öz evlərinə qayıdışına dəstək verməyə çağırıb.
İcmadan Trend-ə bildiriblər ki, məktubda Ermənistandan
azərbaycanlıların qovulması, onların mədəni irsinin, məscidlərinin,
qəbiristanlıqlarının və digər müqəddəs yerlərinin dağıdılması
barədə məlumat verilir.
Ə.Ələkbərli Qərbi Azərbaycan İcmasının fəaliyyətinin əsas
məqsədinin Ermənistandan qovulmuş azərbaycanlıların beynəlxalq
hüquq çərçivəsində sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə
öz evlərinə qayıtmalarını təmin etmək olduğunu vurğulayıb. Məktubda
İcmanın beynəlxalq hüquqa, o cümlədən dövlətlərin ərazi bütövlüyünə
hörmətlə yanaşdığı, qayıdış məsələsi ilə bağlı Ermənstan ilə
dialoqa hazır olduğu bildirilir və Ermənistanın dialoqdan boyun
qaçırdığı təəssüflə qeyd edilir.
Ə. Ələkbərli, həmçinin ATƏT-in tədbirlərində Qərbi Azərbaycan
İcmasının iştirakına Ermənistanın əngəl törətməyə çalışması
faktlarını diqqətə çatdırıb, ATƏT-i Ermənistanın ifadə azadlığı və
vətəndaş cəmiyyətinin fəaliyyətinə qarşı olan bu cəhdlərini
pisləməyə çağırıb.
Məktubun əsli İcmanın nəzdində fəaliyyət göstərən “Qərbi
Azərbaycan Televiziyası” kanalının müxbiri tərəfindən ATƏT-in
fəaliyyətdə olan sədrinin Bakıda Azərbaycanın xarici işlər naziri
ilə keçirdiyi mətbuat konfransında ona təqdim edilib.





























