Bakı. Trend:
Cari ilin birinci rübündə Yaponiyada 22 minə yaxın insan evdə
tənhalıqda vəfat edib.
Trend-in
məlumatına görə, bu barədə Yaponiya Milli Polis İdarəsi
bildirib.
Bildirilib ki, proqnozlara görə, onların sayı ildə 68 minə qədər
arta bilər. Həmçinin özünütəcrid və özünə laqeydlik səbəbindən ölən
insanların sayının artması gözlənilir.
“Koritsusi” (tənha ölüm) termini Yaponiyada 1995-ci ildə Kobada
baş vermiş zəlzələdən sonra tanınıb, həmin vaxt bir çox yaşlı insan
icmalarını tərk etməyə və müvəqqəti yaşayış yerlərində yaşamağa
məcbur qaldılar. Bəziləri daha sonra özlərinə qayğı göstərməkdən və
ya başqalarından kömək almaqdan imtina edərək özlərini təcrid
etdilər.
“Koritsusi” heç kim bilmədən ölmək və cəsədin müəyyən müddətdən
sonra tapılması deməkdir. Yaponiya əhalisinin sürətlə qocalması və
bir nəfərlik ev təsərrüfatlarının payı indiki 36 faizdən
yüksələcəyi üçün bu vəziyyət daha da yayıla bilər.
Ekspertlərin fikrincə, buna səbəb yaddaş və psixi sağlamlıq
problemləridir, hökumət isə hətta yaşlı insanlar qayğıdan imtina
etdikdə belə, dəstək vermək üçün yollar tapmalıdır.





























