Bakı. Trend:
Özbəkistan Respublikasının Baş Prokurorluğu ilə cinayətkarlığa
qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata
görə, 1992-ci il təvəllüdlü Ukrayna vətəndaşı Kaldarar Arsen
Vasilyeviçin və 1980-ci il təvəllüdlü Özbəkistan Respublikasının
vətəndaşı Kayumov Abduraxmon Abduvaliyeviçin cinayət məsuliyyətinə
cəlb edilməsi üçün verilməsinə dair Özbəkistan Respublikası Baş
Prokurorluğunun vəsatətləri Azərbaycan Respublikasının Baş
Prokurorluğu tərəfindən təmin edilib.
Özbəkistanda dələduzluq əməllərinin törədilməsində
təqsirləndirilərək dövlətlərarası axtarışa elan edilmiş
A.V.Kaldarar və A.A.Kayumov 2024-cü ilin fevral ayında ölkəmizdə
müəyyən edilərək saxlanılıb, barələrində həbs qətimkan tədbiri
seçilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi
münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən
təqsirləndirilən şəxslərin ekstradisiyası haqqında qərarlar qəbul
edilərək, onlar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi
konvoyun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanlarına təhvil
verilib.

























