
Bakı. Trend:
Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş
mərhələli və koordinasiyalı tədbirlər nəticəsində, 14 may 2024-cü
il tarixində Suriya Ərəb Respublikasının münaqişə bölgələrinə
getmiş 5-i uşaq və 3-ü qadın olmaqla 8 nəfər Azərbaycan
Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata
keçirilib.
Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib ki, ilk növbədə
repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası
vətəndaşlığına mənsubiyyəti müəyyən edilib.
Daha sonra İraq və Suriyadan Azərbaycan vətəndaşlarının
repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının
nümayəndələri Türkiyə Respublikasına ezam edilib, repatriantların
ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin
olunub.
Türkiyə Respublikasının İstanbul şəhərindəki Azərbaycan
Respublikasının Baş Konsulluğu tərəfindən müvafiq əlaqələndirmə işi
aparılmaqla vətəndaşlarımız Azərbaycan Respublikasına qayıdış
şəhadətnamələri ilə təmin olunub və onlar ölkəyə gətiriliblər.
Repatriantların sosial reabilitasiyası və cəmiyyətə
reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata
keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının hökuməti tərəfindən xarici ölkələrin
ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan
Respublikası vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin
görülməsi davam etdiriləcəkdir.





























