Advertisement

69 dövlət orqanında mövcud olan 219 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 17-də elan edilmiş daxili
müsahibələrin keçirilmə qrafikini təqdim edib.

DİM-dən Trend-ə bildirilib
ki, elan üzrə 69 dövlət orqanında mövcud olan 219 vakant vəzifə
daxili müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə
qeydiyyatdan keçmiş 210 namizədlə 212 müsahibənin keçirilməsi
planlaşdırılır.

Ən yüksək müsabiqə vəziyyəti Elm və Təhsil Nazirliyi yanında
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Yerli bölmələr,
Qazax-Tovuz Regional Təhsil İdarəsi, Gədəbəy rayonu üzrə təhsil
sektoru, Gəlirlərin icrası və uçotu sektoru, sektor müdiri (1
vakant yer üzrə 12 namizəd) vəzifəsi üzrə yaranıb.

Müsahibələrin mayın 20-dən iyulun 2-dək olan dövrdə keçirilməsi
planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş
namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı
DİM-in saytından əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi
üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və
resurslar sərf olunur. DİM namizədlərin diqqətinə çatdırır ki,
onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir,
namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə
hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat
16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin
nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini
basmaqla müsahibədə iştirakdan imtina edə bilər.

Namizədlərdən müsahibənin başlanma vaxtından azı 30 dəqiqə əvvəl
müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.