
Bakı. Trend:
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) və Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən paytaxtın bir sıra
ərazilərində taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd
keçirilib.
Bu barədə Trend-ə AYNA-dan
bildirilib.
Məqsəd sürücülərin müvafiq icazələr əsasında fəaliyyət
göstərməyə cəlb edilməsi, eləcə də bu barədə
maarifləndirilməsidir.
Belə ki, ümumilikdə 150-dən artıq sürücü ilə maarifləndirici
söhbət aparılıb və onlara qanunvericiliyin tələbləri izah edilib.
Qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan bir neçə taksi
sürücüsü qanunamüvafiq qaydada cərimələnib.
Qeyd olunub ki, taksi minik avtomobilləri ilə sərnişindaşımalarla
məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq
icazələr əsasında fəaliyyət göstərməlidirlər. Bunun üçün buraxılış
vəsiqəsi və buraxılış kartı alınmalıdır. İstehsal tarixindən 15
ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi
minik avtomobilləri kimi istifadə edilə bilməz.
Taksi fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq tələbləri ödəyən
sürücülər 2024-cü ilin iyul ayının 1-nə qədər AYNA-ya müraciət
edərək buraxılış ilindən 15 il keçməyən nəqliyyat vasitələrinə
buraxılış kartı ala bilərlər. 2024-cü ilin iyul ayının 1-dən sonra
buraxılış kartı almaq üçün avtomobillərin yaşı 8 ildən çox
olmamalıdır.





























