
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən
vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və
şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq
tədbirlər görülür.
Fevralın 28-də Baş prokuror Kamran Əliyev Qaradağ rayon
prokurorluğunun inzibati binasında Bakı şəhərinin Qaradağ rayonu və
Respublikanın digər bölgələrindən olan vətəndaşları qəbul edib.
Qəbulda iştirak edən 36 nəfər vətəndaşın müraciətində konkret
cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə
məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları,
məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi,
habelə mülki xarakterli mübahisələrə dair qeyd olunan məsələlərin
bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ
həlli üçün müvafiq göstərişlər verilib.
Qəbuldan sonra Kamran Əliyev prokurorluq əməkdaşlarına konkret
tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması
və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi
məsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluq
orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya
texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq”
informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin
daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair
təklifləri dinləyib.





























